Türkiyənin bir sıra ali təhsil müəssisələri dünya universitetləri reytinqində yer alıb
İstanbul, 18 iyun, AZƏRTAC
Dünyanın ən nüfuzlu beynəlxalq ali təhsil reytinq qurumlarından biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən hazırlanan 2027-ci il dünya universitetləri reytinqində ilk 500-lükdə 6, ilk 1000-likdə isə 11 Türkiyə universiteti yer alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Ali Təhsil Qurumu açıqlama verib. Məlumata görə, QS reytinqi akademik nüfuz, işəgötürən nüfuzu, hesabat, müəllim heyəti başına düşən istinad sayı, beynəlxalq müəllim heyətinin payı, beynəlxalq tələbələrin payı, beynəlxalq tədqiqat şəbəkəsi, məşğulluq nəticələri və dayanıqlılıq göstəriciləri əsasında hazırlanıb.
Dünyanın 106 ölkə və bölgəsindən 1504 universitetin qiymətləndirildiyi reytinqdə Türkiyədən 6 universitet ilk 500-lüyə, 11 universitet isə ilk 1000-liyə daxil olmağı bacarıb.
Reytinqdə Türkiyə universitetləri arasında ən yüksək yeri tutan İstanbul Texniki Universiteti 279-cu pilləyə yüksəlib. Onu Orta Doğu Texniki (305-ci yer), Koç (329-cu yer), Boğaziçi (345-ci yer), Sabancı (357-ci yer) və Bilkent (454-cü yer) universitetləri izləyib. Bu ali təhsil müəssisələri ilk 500-lüyə daxil olmağı bacarıblar.
Reytinqdə Hacettepe Universiteti 570-ci, İstanbul Universiteti 629-cu, Yıldız Texniki Universiteti isə 634-cü yeri tutub. Ankara Universiteti 731–740, Gebze Tekniki Universiteti isə 851–900 aralığında qərarlaşıb və beləliklə, ilk 1000-liyə daxil olublar. Bundan əlavə, hesabatın işəgötürən nüfuzu kateqoriyasında Türkiyədən 3 universitet dünyanın ən yaxşı 100 universiteti sırasına düşməyi bacarıb. Orta Doğu Texniki Universiteti 63-cü, İstanbul Texniki Universiteti 73-cü, Boğaziçi Universiteti isə 75-ci yerdə qərarlaşıb.