Nazir: Türkiyə dostluq körpüləri vasitəsilə ortaq gələcəyi qurur
Ankara, 18 iyun, AZƏRTAC
Hazırda Türkiyənin 74 şəhərindəki 136 universitetdə 148 ölkədən 15 mindən çox beynəlxalq tələbə dövlət təqaüd proqramı olan “Türkiye bursları” vasitəsilə təhsillərini davam etdirir. Hər il bu proqram çərçivəsində daha 5 min tələbə təhsil alır. “Türkiye bursları”na maraq durmadan artır və bu, Türkiyənin təhsil sisteminin artan reputasiyasını və nüfuzunu nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Ankarada Türkiyə hökumətinin Dövlət Təqaüd Proqramı (“Türkiye bursları”) çərçivəsində təhsillərini başa vuran beynəlxalq tələbələrin 15-ci məzuniyyət mərasimində çıxış edərkən bildirib.
Nazir xatırladıb ki, “Türkiye bursları” proqramının qəbulunun ilk ilində (2012-ci ildə – red.) onlarla ölkədən 42 minə yaxın müraciət daxil olub. “Sonrakı illərdə bu dövlət proqramı Türkiyəni xarici dünya ilə birləşdirən “dostluq və təhsil körpüsünə” çevrilib”, - deyən nazir qeyd edib ki, son proqram çərçivəsində artıq 174 ölkədən 188 min müraciət daxil olub.
M.N.Ersoy vurğulayıb ki, Türkiyə təkcə bilik toplayan və təhsil sektorunu inkişaf etdirən deyil, həm də təcrübələrini bölüşən, ortaq bir gələcək quran ölkə olaraq qalır.
“Bu gün 110 fərqli ölkədən 2800 məzuna diplomları qürurla təqdim edirik. Bu rəqəmlər sadəcə statistika deyil, həm də ali təhsilə və humanitar əlaqələrə önəm verən Türkiyəyə olan etimadın göstəricisidir”, - deyə nazir bildirib.
O qeyd edib ki, dünyada hökm sürən gərginlik, müharibə və böhranlar fonunda bəşəriyyətin tolerantlığa hər zaman olduğundan daha çox ehtiyacı var. “Ölkəmizdə beynəlxalq tələbələr tərəfindən qurulan dostluq və qardaşlıq əlaqələri bütün qərəzləri aradan qaldıracaq və dünyanın hər yerindən olan gənclərin ortaq dəyərlər ətrafında birləşə biləcəyini göstərəcək. Davamlı sülhə və bəşəriyyət üçün ortaq gələcəyə gedən yol qarşılıqlı anlaşmadan və insanların qəlbindən keçir. Məzunlarımız Türkiyədə qazandıqları bilikləri, təcrübələri və dostluqları öz məmləkətlərinə aparacaq, xalqlar və ölkələr arasında möhkəm körpülər quracaqlar”, - deyə türkiyəli nazir bildirib.