Nifrət Nitqinə qarşı Beynəlxalq Mübarizə Günü
Bakı, 18 iyun, AZƏRTAC
İyunun 18-də dünya ictimaiyyəti BMT Baş Assambleyası tərəfindən 2021-ci ildə ksenofobiya, irqçilik, dini dözümsüzlük və digər ayrı-seçkilik formalarının yayılması ilə bağlı artan narahatlığa cavab olaraq təsis edilmiş Nifrət Nitqinə qarşı Beynəlxalq Mübarizə Gününün qeyd edir.
AZƏRTAC xəbər verir ki, bu əlamətdar gün nifrət nitqinin cəmiyyətə mənfi təsirlərinə diqqət çəkmək, habelə dialoq, qarşılıqlı hörmət və tolerantlıq mədəniyyətini təşviq etmək məqsədi daşıyır.
Bu günün təsis edilməsi BMT Baş katibi Antonio Quterreş tərəfindən 18 iyun 2019-cu ildə təqdim edilmiş BMT-nin Nifrət Nitqi üzrə Strategiyası və Fəaliyyət Planına əsaslanır. Bu sahədə Birləşmiş Millətlər Təşkilatının ilk sistemli və miqyaslı təşəbbüsü olan sənəddə nifrət nitqinə qarşı mübarizədə dövlətlər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, media və texnologiya şirkətləri arasında əsas əməkdaşlıq sahələri müəyyən edilir.
2021-ci ilin iyul ayında BMT Baş Assambleyası nifrət nitqinin dünya miqyasında eksponensial yayılmasından qlobal narahatlığı qeyd edərək ona qarşı mübarizə kontekstində dinlərarası və mədəniyyətlərarası dialoqun və tolerantlığın təşviq edilməsinə dair qətnamə qəbul edib.
Qətnamədə ayrı-seçkiliyə, ksenofobiyaya və nifrətə təhrik olunmasına qarşı mübarizənin zəruriliyi qəbul edilir və dövlətlər də daxil olmaqla, bütün müvafiq tərəflər beynəlxalq insan hüquqları standartlarına uyğun olaraq bu fenomenlə mübarizə aparmaq üçün səylərini artırmağa çağırılır.
Bu əlamətdar günü qeyd etmək üçün Birləşmiş Millətlər Təşkilatı hökumətləri, beynəlxalq təşkilatları, vətəndaş cəmiyyəti qruplarını və fərdləri nifrət nitqinin müəyyən edilməsi, aradan qaldırılması və qarşısının alınması strategiyalarını inkişaf etdirmək üzrə tədbirlər və təşəbbüslər həyata keçirməyə dəvət edir.
BMT qeyd edir: “İstər üzv dövlətlər, özəl sektor, media və internet korporasiyaları, dini liderlər, təhsil işçiləri, vətəndaş cəmiyyəti nümayəndələri, istərsə də sadəcə fərdlər olsun - hamımız nifrət nitqinin yayılmasına qarşı qətiyyətli tədbirlər görmək, bu bəla ilə mübarizədə mühüm rol oynamaq üçün mənəvi məsuliyyət daşıyırıq”.
Təşkilat nifrət nitqinin insan hüquqlarına, sosial birliyə, sülhə və təhlükəsizliyə təhdid yaratdığını vurğulayır. Onun rəqəmsal məkanda və sosial mediada sürətlə yayılması diqqətə çatdırılır. Qeyd olunur ki, onlayn platformalar tez-tez ayrı-seçkilik xarakterli bəyanatlar və dezinformasiyaların yayılması üçün platforma rolunu oynayır ki, bu da xüsusi narahatlıq doğurur.
BMT hökumətləri, beynəlxalq təşkilatları, təhsil müəssisələrini, media nümayəndələrini, dini liderləri, gəncləri və vətəndaş cəmiyyətini nifrət nitqinin təzahürlərini müəyyən etmək və qarşısını almaq, eləcə də rəqəmsal savadlılığı və məsuliyyətli ünsiyyət mədəniyyətini inkişaf etdirmək üçün səylərini birləşdirməyə çağırır.
Ekspertlərin fikrincə, nifrət nitqinə qarşı effektiv mübarizə fikir və ifadə azadlığına tam hörmət etməli, insan ləyaqəti, bərabərlik və qarşılıqlı anlaşma prinsiplərinə əsaslanmalıdır.
Nifrət Nitqinə qarşı Beynəlxalq Mübarizə Günü hər kəsin hörmət və dialoqa əsaslanan daha təhlükəsiz və inklüziv cəmiyyətin yaradılmasına töhfə verə biləcəyini xatırladır.