Moskva vilayətində dron hücumu nəticəsində on altı nəfər xəsarət alıb
Moskva, 18 iyun, AZƏRTAC
Moskva vilayətində dron hücumu nəticəsində iki uşaq da daxil olmaqla, on altı nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov “Telegram” kanalında yazıb.
Vilayət qubernatorunun sözlərinə görə, Ramenskoye, Solneçnoqorsk, Lyubertsı, Dzerjinski və Kotelnikidə sakinlərin yaralanması halları qeydə alınıb. Bir neçə nəfər qəlpə yaraları və müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Xüsusilə, Ramenskoyedə 10 yaşlı qız da daxil olmaqla üç nəfər tibbi yardıma ehtiyac duyub. Kotelnikidə üçyaşlı uşaq da daxil olmaqla səkkiz nəfər yaralanıb. “Sadovod” ticarət mərkəzində xəsarət alan daha bir kişi xəstəxanaya yerləşdirilib.
Qubernator yanğınsöndürmə və hücumun fəsadlarının aradan qaldırılması işlərinin davam etdiyini bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva