Zambiya rəsmisi: Azərbaycan ombudsmanı ilə əməkdaşlıq süni intellekt sahəsində də genişlənir
Bakı, 18 iyun, AZƏRTAC
Zambiyanın İnsan Hüquqları Komissiyası Azərbaycan ombudsmanı ilə sıx əməkdaşlıq edir. Müxtəlif beynəlxalq tədbirlərdə dəfələrlə görüşmüşük və süni intellekt, eləcə də rəqəmsal hüquqlar sahəsində əməkdaşlığımızı davam etdiririk.
AZƏRTAC xəbər verir ki, bunu Zambiyanın İnsan Hüquqları Komissiyasının sədri Pamela Tovela Sambo jurnalistlərə açıqlamasında deyib.
"Hamımız müşahidə edirik ki, dünya sürətlə rəqəmsal hüquqlar və süni intellekt dövrünə qədəm qoyur. Süni intellekt artıq ədliyyə sistemindən səhiyyəyə qədər insan həyatının bir çox sahəsində tətbiq olunur və getdikcə daha böyük rol oynayır.
Bu səbəbdən milli insan hüquqları institutları olaraq qarşımızda duran əsas vəzifə hər bir insanın məxfiliyinin qorunmasını təmin etməkdir. Süni intellekt və rəqəmsal transformasiya gələcəyin ayrılmaz hissəsidir. Ona görə də insan ləyaqətinin və fundamental insan hüquqlarının bu yeni şəraitdə necə qorunacağını indidən düşünməli və lazımi tədbirləri görməliyik", - deyə Pamela Tovela Sambo diqqətə çatdırıb.