Azərbaycan və Monteneqro ombudsmanları əməkdaşlıq əlaqələrini genişləndirir
Bakı, 18 iyun, AZƏRTAC
Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Monteneqronun İnsan Hüquqları və Azadlıqlarının müdafiəçisi Sinişa Byekoviç arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Memorandumun imzalanmasında əsas məqsəd qurumlar arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə praktiki və araşdırma işinin görülməsi və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə maarifləndirmə fəaliyyətinin həyata keçirilməsidir.
Ombudsman Səbinə Əliyeva imzalanmış Anlaşma Memorandumunun hər iki ölkənin ombudsman təsisatları arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə şərait yaradacağını diqqətə çatdırıb.