Azərbaycan ilə IFAD arasında əməkdaşlıq genişləndirilir
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (IFAD) Yaxın Şərq üzrə xüsusi elçisi Dina Salehin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə qida təhlükəsizliyi, kənd təsərrüfatının inkişafı və dayanıqlı kənd təsərrüfatı sistemlərinin gücləndirilməsi istiqamətlərində əməkdaşlıq məsələləri, eləcə də Azərbaycan ilə IFAD arasında uzun illərdir davam edən səmərəli əməkdaşlığın nəticələri və gələcək tərəfdaşlıq imkanları müzakirə olunub.
Müzakirələr çərçivəsində heyvanların identifikasiyası və qeydiyyatı sisteminin təkmilləşdirilməsi, heyvan və bitki xəstəliklərinin erkən aşkarlanması və monitorinqi, riskəsaslı nəzarət mexanizmlərinin gücləndirilməsi, eləcə də heyvan xəstəliklərindən və karantin zərərvericilərindən azad zonaların yaradılması istiqamətində IFAD-ın təcrübəsinin öyrənilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı IFAD-ın nümayəndələri fondun yeni strateji prioritetləri və fəaliyyət istiqamətləri barədə məlumat verərək, Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.
Sonda tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi, texniki dəstəyin və təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.