Elmin Məmmədov: Uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması bütün tərəflərin birgə məsuliyyətidir
Bakı, 18 İyun, AZƏRTAC
Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması istiqamətində aparılan monitorinqlər və statistik göstəricilər göstərir ki, internetdən və sosial media platformalarından istifadə səviyyəsi ildən-ilə artır. Bu isə uşaqların zərərli informasiyadan qorunması, rəqəmsal savadlılığın yüksəldilməsi və valideyn nəzarətinin gücləndirilməsini daha da aktuallaşdırır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Uşaqların zərərli informasiyadan qorunması və rəqəmsal mühitin təhlükəsizliyinin təmin edilməsi” mövzusunda ictimai dinləmədə çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, aparılan araşdırmalar göstərir ki, vətəndaşların 56,5 faizi uşaqların rəqəmsal platformalardan istifadə etdiyini bildirir. Sorğuların nəticələrinə əsasən, ailələrin 60,5 faizində uşaqlar sosial şəbəkələrdən aktiv istifadə edir, onların əhəmiyyətli hissəsi isə gün ərzində üç saatdan artıq vaxtını müxtəlif rəqəmsal platformalarda keçirir.
"Bu statistika uşaqların rəqəmsal mühitdə daha çox vaxt keçirdiyini və bununla əlaqədar təhlükəsizlik məsələlərinin xüsusi diqqət tələb etdiyini göstərir. Bu baxımdan valideyn nəzarətinin gücləndirilməsi, uşaqlarda təhlükəsiz internet davranışının formalaşdırılması və rəqəmsal savadlılığın artırılması mühüm əhəmiyyət kəsb edir.
Aparılan müşahidələr valideynlərin də övladlarının rəqəmsal mühitdə qarşılaşa biləcəyi risklərlə bağlı ciddi narahatlıq keçirdiyini ortaya qoyur. Xüsusilə uşaqların zərərli məzmunla qarşılaşması, internet asılılığı, kibertəhdidlər, şəxsi məlumatların təhlükəsizliyi və onlayn zorakılıq kimi risklər diqqət mərkəzində saxlanılmalıdır".