Müəllimlərin ixtisasartırma proqramlarına rəqəmsal təhlükəsizlik mövzusunun daxil edilməsi təklif olunur
Bakı, 18 iyun, AZƏRTAC
Uşaqlar günlərinin böyük hissəsini ailə ilə yanaşı, təhsil müəssisələrində keçirirlər. Bu baxımdan onların rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasında məktəblərin və pedaqoji heyətin rolu xüsusi əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Uşaqların zərərli informasiyadan qorunması və rəqəmsal mühitin təhlükəsizliyinin təmin edilməsi” mövzusunda ictimai dinləmədə çıxışı zamanı səsləndirib.
O bildirib ki, uşaqlara rəqəmsal mühitdə təhlükəsiz davranış qaydalarını aşılayan əsas şəxslər müəllimlər, sinif rəhbərləri, sosial pedaqoqlar, psixoloqlar və təhsil müəssisələrində fəaliyyət göstərən digər mütəxəssislərdir: “Buna görə də onların peşə hazırlığında və ixtisasartırma proqramlarında rəqəmsal təhlükəsizlik mövzusuna xüsusi yer ayrılması vacibdir. Müəllimlərin peşəkar inkişaf proqramlarında rəqəmsal təhlükəsizlik və uşaqların zərərli informasiyadan qorunması ilə bağlı bilik və bacarıqların gücləndirilməsi bu sahədə effektiv nəticələrin əldə olunmasına mühüm töhfə verə bilər.
Beynəlxalq təcrübə də bu istiqamətdə uğurlu yanaşmaların mövcud olduğunu göstərir. Belə ki, İrlandiya və Estoniya kimi ölkələrdə rəqəmsal təhlükəsizlik mövzusu müəllimlərin hazırlıq proqramlarına daxil edilib və məktəblərdə şagirdlər üçün müvafiq maarifləndirici fəaliyyətlər həyata keçirilir”.
G.Səfərova əlavə edib ki, bu təcrübənin öyrənilməsi və milli təhsil sistemində tətbiqi uşaqların rəqəmsal savadlılığının artırılmasına, onların internet mühitində qarşılaşa biləcəyi risklərdən qorunmasına və təhlükəsiz rəqəmsal davranış mədəniyyətinin formalaşdırılmasına mühüm töhfə verəcək.