Azərbaycanda taxıl biçini üçün sahələrə cəlb olunmuş kombaynların sayı açıqlanıb
Bakı, 18 iyun, AZƏRTAC
Respublikada taxıl biçini mövsümünün mütəşəkkil keçirilməsi və məhsulun itkisiz toplanması məqsədilə sahələrə cəlb edilən müasir kombaynlar optimal aqrotexniki müddətdə dən itkisini minimuma endirməklə builki məhsuldarlığın qorunmasında həlledici rol oynayır. Bəs, strateji əhəmiyyət kəsb edən bu texnikaların rayonlar üzrə düzgün dislokasiyası və operativ idarə olunması biçin prosesinin vaxtında və itkisiz tamamlanmasını təmin edə biləcəkmi?
Bu barədə AZƏRTAC-a açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurban bildirib ki, respublika üzrə texnika parkında təxminən 1550 ədəd işlək vəziyyətdə taxılyığan kombayn mövcuddur. Həmin kombaynların 652 ədədi “Aqroservis” ASC-yə məxsusdur.
Ramin Qurban diqqətə çatdırıb ki, Dövlət Aqrar İnkişaf mərkəzlərindən iyunun 17-nə daxil olan operativ məlumatlara əsasən, biçinə 1322 ədəd taxılyığan kombayn cəlb edilib.
“Məhsulun sahələrdən vaxtında və itkisiz yığılmasının təmin edilməsi məqsədilə “Aqroservis” ASC-nin rayon bölmələrinin istifadəsində olan kombaynların dislokasiya planı və biçin qrafiki hazırlanıb, həmçinin özəl kombaynların dislokasiyaya uyğun biçində iştirak etməsi üçün müvafiq maarifləndirmə işləri aparılıb. Əsas məqsəd ilkin olaraq Aran rayonlarında məhsulun operativ şəkildə sahələrdən yığılması və mərhələli şəkildə dağətəyi və dağlıq rayonlarda biçinin davam etdirilməsidir”.
Nazirlik rəsmisi onu da əlavə edib ki, biçin mövsümünün gedişatına fasiləsiz nəzarət etmək üçün nazirlikdə mərkəzi qərargah, regionlardakı Dövlət Aqrar İnkişaf mərkəzlərində isə operativ qərargahlar yaradılıb və onların fəaliyyətləri vahid mərkəzdən koordinasiya olunur.