Oman nümayəndəsi: Dövlətlər süni intellekt sahəsində birgə əməkdaşlıq etməlidir
Bakı, 18 iyun, AZƏRTAC
Süni intellekt yalnız risklər yaradan texnologiya deyil, düzgün və məsuliyyətli tətbiq edildikdə insan hüquqlarının təşviqi və müdafiəsi üçün də mühüm vasitəyə çevrilə bilər. Bunun ən bariz nümunələri sağlamlıq və təhsil hüquqları sahəsindəki uğurlardır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən “Süni intellekt dövründə insan hüquqları: İmkanlar, risklər və məsuliyyətlər” mövzulu plenar sessiyada Oman İnsan Hüquqları Komissiyasının sədri Raşid Əl Baluşi deyib.
O qeyd edib ki, süni intellekt insan hüquqlarına yönəlmiş risklər yaratmaqla yanaşı, düzgün idarə olunduğu və insan hüquqları prinsiplərinə uyğun tətbiq edildiyi təqdirdə, sağlamlıq, təhsil və digər fundamental hüquqların daha səmərəli təmin olunmasına, eləcə də cəmiyyətdə hüquqi maarifləndirmənin gücləndirilməsinə mühüm töhfə verə bilər. Bunun üçün isə dünya ölkələri birgə mübarizə aparmalıdır.