ADPU “QS dünya universitetləri reytinq”ində 1201–1400-cü yerlər aralığında qərarlaşıb
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilk dəfə olaraq “QS dünya universitetləri reytinq”ində yer alıb. Universitet reytinqdə dünya üzrə 1201–1400-cü yerlər aralığında qərarlaşıb.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.
“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyi tərəfindən açıqlanan reytinqdə dünyanın 106 ölkə və regionundan 8808 ali təhsil müəssisəsi qiymətləndirilib, onların 1504-ü reytinq cədvəlinə daxil edilib. Azərbaycan bu siyahıda 10 universitetlə təmsil olunur və ADPU həmin ali məktəblər sırasında ilk dəfə yer alan yeganə universitetdir.
Reytinq ali təhsil müəssisələrini akademik nüfuz, işəgötürənlər arasında reputasiya, müəllim-tələbə nisbəti, elmi nəşrlərə edilən istinadlar, məzunların məşğulluq göstəriciləri, beynəlxalq müəllim və tələbələrin payı, beynəlxalq tədqiqat şəbəkələri və dayanıqlılıq kimi mühüm indikatorlar əsasında qiymətləndirir.
Universitetin ən yüksək göstəricisi müəllim-tələbə nisbəti üzrə qeydə alınıb. Bu indikator üzrə ADPU 152-ci yerdə qərarlaşıb və 82,8 bal toplayıb. QS tərəfindən təqdim olunan müqayisəli göstəricilərə əsasən, ADPU-da hər 100 tələbəyə 14,8 müəllim düşür ki, bu da qlobal median göstəricidən (7,7) təxminən iki dəfə yüksəkdir.
Universitetin məzunlarının məşğulluq göstəriciləri də diqqətəlayiq nəticələr sırasındadır. QS-in məlumatına görə, ADPU məzunlarının məşğulluq səviyyəsi 91,5 faiz təşkil edir. Bu göstərici universitetdə həyata keçirilən təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunluğunu, məzunların peşəkar fəaliyyətə uğurlu inteqrasiyasını və universitetin cəmiyyət üçün ixtisaslı kadr hazırlığı sahəsində mühüm rolunu göstərir.
ADPU-nun elmi fəaliyyəti ilə bağlı göstəricilər də reytinq hesabatında öz əksini tapıb. Universitetin alimləri tərəfindən 2020–2024-cü illər ərzində “Scopus” bazasında indekslənən yüzlərlə elmi məqalə nəşr olunub, həmin tədqiqatlara çoxsaylı istinadlar qeydə alınıb.