Moldovanın sabiq ombudsmanı: Bugünkü sammit bir çox müvəkkillər üçün yol xəritəsi rolunu oynayır
Bakı, 18 iyun, AZƏRTAC
Rəqəmsal texnologiyalar və süni intellekt getdikcə daha geniş şəkildə gündəlik həyatımıza inteqrasiya olunur. Bu prosesdə hüquq müdafiəçilərinin və ombudsman institutlarının üzərinə düşən məsuliyyət də artır. Onların əsas vəzifəsi süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi zamanı insan hüquqlarının pozulmasının qarşısını almaq məqsədilə monitorinq aparmaq, prosesləri izləmək və müvafiq nəzarəti təmin etməkdir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Moldovanın sabiq ombudsmanı Aureliya Qriqoriu deyib.
Sabiq ombudsmanın sözlərinə görə, rəqəmsal texnologiyaların dövlət qurumları və özəl təşkilatlar tərəfindən tətbiqi informasiyaya çıxış hüququnun pozulmasına, eləcə də hər bir vətəndaşın hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Buna görə də belə halların baş verməməsi üçün bütün ölkələrdə qanunvericilik müasir tələblərə uyğunlaşdırılır və ombudsman institutları tərəfindən birbaşa nəzarət həyata keçirilir ki, bu hüquqların pozulmasına yol verilməsin: “Bugünkü Sammitin fəaliyyəti bir çox ombudsmanlar üçün yol xəritəsi rolunu oynayır. Bu yol xəritəsi onlara öz ölkələrində insan hüquqlarının təşviqi və müdafiəsini gücləndirməyə, həmçinin ombudsman institutları tərəfindən təqdim olunan yeni yanaşma və istiqamətləri tətbiq etməyə imkan verir. Hesab edirəm ki, bu mövzu son dərəcə aktualdır və müasir dövrdə xüsusi əhəmiyyət daşıyır”.