Şirvan-Salyan Regional Təhsil İdarəsi müəllimləri mükafatlandırıb
Bakı, 14 dekabr, AZƏRTAC
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli respublika fənn olimpiadalarında uğur qazanmış şagirdlərin müəllimlərinin və təhsilverənlərin sertifikatlaşdırmasında yüksək bal toplamış müəllimlərin mükafatlandırılması ilə bağlı əmr imzalayıb.
Regional təhsil idarəsindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə 25 müəllim mükafatlandırılıb. Bunlardan 2 nəfəri təhsilverənlərin sertifikatlaşdırmasında ən yüksək - 60 bal toplamış ibtidai sinif müəllimləri, 23 nəfəri isə olimpiadalara hazırlıq ilə bağlı fəaliyyətləri olmuş müəllimlərdir.
Qeyd edək ki, 2022-2023-cü ildə Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə respublika fənn olimpiadalarının yarımfinal mərhələsində 50 şagird uğur qazanıb. Onlardan 32 nəfəri qaliblər sırasında yer alıb; 3 nəfər qızıl, 9 nəfər gümüş və 20 nəfər bürünc medala layi görülüb.
Müəllimlər göstərilən diqqət və qayğıya görə Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbərliyinə öz minnətdarlığını bildiriblər. Qeyd ediblər ki, onların əməyinin bu formada rəğbətləndirilməsi gələcəkdə də yeni uğurların əldə edilməsi üçün böyük motivasiya verir.