Şirvanda Vətən müharibəsi şəhidi Şəmsəddin Vəliyevin xatirəsi anılıb
Şirvan, 25 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsi şəhidi Şəmsəddin Aqil oğlu Vəliyevin şəhadətə yüksəlməsindən 3 il ötür. Şəhidin ildönümündə xatirəsi bir daha yad edilib, məzarı ziyarət olunub, onun keçdiyi şərəfli həyat və döyüş yolundan söhbət açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəmsəddin Vəliyev 2001-ci il yanvarın 22-də Sabirabad rayonunun Dadaşbəyli kəndində dünyaya göz açıb. Hələ uşaq yaşlarından Vətənə sevgisi və hərbiyə marağı ilə seçilib. Şəmsəddin Dadaşbəyli kənd tam orta məktəbini bitirdikdən sonra Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində təhsil alsa da, hərbçi olmaq arzusunu gerçəkləşdirib. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanan Şəmsəddin xidmətini bitirdikdən sonra müddətdən artıq hərbi qulluqçu kimi Vətən keşiyində dayanıb. Vətən müharibəsi başlayan gündən cəbhənin ön sıralarında yer alan Şəmsəddin Füzuli, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 22-də şəhidlik zirvəsinə ucalıb.
İndi digər şəhidlərimiz kimi, Şəmsəddinin də xatirəsi hər zaman qürurla anılır. Şəhidin anım günü ilə bağlı keçirilən mərasimdə ailəsi ilə bərabər, Şirvan Şəhər İcra Hakimiyyətinin, YAP Şirvan şəhər təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Şirvan şəhərinin və Sabirabad rayonunun ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin məzarı ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, şəhidin ailəsinə səbir diləyib, belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrətindən söz açılıb, tarixi Qələbənin qazanılmasında canlarından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin əbədi yaşayacağı qeyd edilib. Eyni zamanda, şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs olunub.
Qeyd edək ki, şəhid Şəmsəddin Vəliyev döyüşlərdə göstərdiyi şücaətlərə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.