SİYASİ GƏRGİNLİYİN SƏNGİMƏDİYİ ERMƏNİSTANDA HAKİMİYYƏTİN FƏALİYYƏTİ BEYNƏLXALQ ALƏMDƏ CİDDİ NARAZILIQ DOĞURUR
NATO Ermənistan hakimiyyətini prezident seçkilərindən sonra narazılığını bildirən müxalifətə qarşı tətbiq edilən zorakılıq aktları ilə bağlı araşdırma aparmağa çağırmışdır.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən alyansın rəsmisi Ceyms Appaturay bildirmişdir ki, həmin məsələdə NATO Avropa Şurası və Avropa İttifaqı ilə həmfikirdir.
Mayın 28-də Şimali Atlantika alyansının mövqeyi Brüsseldəki görüşdə Ermənistanın xarici işlər və müdafiə nazirlərinin diqqətinə bir daha çatdırılmışdır.
Ermənistan vətəndaşları isə hakimiyyətin fəaliyyətinə narazılıq bildirmək üçün yeganə çıxış yolunu aclıq aksiyalarını keçirməkdə görürlər. Ermənistanın Gümrü şəhərində onlarla adam aclıq aksiyası elan etmişdir.
Aksiyada prezident seçkilərinin nəticələrinə etiraz etdiklərinə görə həbs edilənlərin qohumları da iştirak edirlər. Paytaxtda da aclıq və oturaq aksiyaları təşkil edilmişdir. Aksiyada iştirak edən 50-dən çox adam “şou”nu xatırladan məhkəmə proseslərindən yorulduğunu bəyan etmişdir.
Ermənistan vətəndaşları siyasi məhbusları azad etməyi və Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnaməyə riayət olunmasını tələb edirlər. Ermənistanın birinci prezidenti, müxalifətin lideri Levon Ter-Petrosyan aksiya iştirakçıları ilə görüşərək, onları aksiyaya son qoymağı çağırsa da, aclıq keçirənlər axıra qədər dayanacaqlarını bildirmişlər.
ABŞ insan hüquqlarının təminatı məsələsində Ermənistanın yürütdüyü siyasətdən narazılığını bildirmişdir. Dövlət Departamentinin azadlıqların və demokratiyanın dərinləşməsinə dair hesabatında vurğulanır ki, Ermənistan hakimiyyətinin insan hüquqlarının qorunması sahəsindəki fəaliyyəti qeyri-qənaətbəxş olaraq qalır. Hesabatda qeyd edilir ki, ölkədəki prezident seçkiləri gərgin şəraitdə keçmişdir. Burada hakimiyyətin namizədinə daha yaxşı şərait yaradılması, seçkilərdə rüşvət halları, bir adamın dəfələrlə səs verməsi, səslərin saxtalaşdırılması və müxalifətə qarşı zorakılıq faktları qeydə alınmışdır. Hakimiyyət nümayişçilərə qarşı silahlı hücum tətbiq etmiş, mətbuatın fəaliyyətini məhdudlaşdırmış, müxalifət nümayəndələri kütləvi şəkildə həbs olunmuşdur. Toqquşmalar zamanı onlarla insan həlak olmuşdur. Fövqəladə vəziyyətin rəsmən 20 gün davam etməsinə baxmayaraq, vətəndaş azadlıqları indi də tapdalanır.
Hesabatda xüsusi qeyd edilir ki, həbsdə saxlanılanlar zorakılığa məruz qalır, milli təhlükəsizlik xidməti və polis qanunsuz hərəkətlərə yol verirlər.