Siyasi şərhçi: Azərbaycanın postmünaqişə dövründə seçdiyi yol beynəlxalq hüquqa əsaslanan ədalət modelidir
Bakı, 9 fevral, Səbinə Əlizadə, AZƏRTAC
Azərbaycanın postmünaqişə mərhələsində atdığı addımlar beynəlxalq hüquq və ədalət prinsipləri baxımından mühüm əhəmiyyət daşıyır. Ərazi bütövlüyünün və suverenliyin tam bərpası ilə yanaşı, müharibə cinayətlərində və insanlıq əleyhinə əməllərdə ittiham olunan şəxslərin məhkəmə qarşısına çıxarılması dövlətin hüquqi ardıcıllığını və prinsipial mövqeyini nümayiş etdirir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Ülviyyə Zülfiqar bildirib.
Onun sözlərinə görə, Azərbaycanın bu yanaşması onu göstərir ki, münaqişənin hərbi fazasının başa çatması hüquqi məsuliyyət məsələsini gündəmdən çıxarmır, əksinə, bu məsuliyyəti daha da aktuallaşdırır: “Azərbaycan bu addımları ilə sübut etdi ki, hərbi-siyasi qələbə yalnız ərazi nəzarətinin bərpası ilə məhdudlaşmır, eyni zamanda, hüquqi müstəvidə ədalətin təmin olunmasını da ehtiva etməlidir”.
Ülviyyə Zülfiqar qeyd edib ki, Azərbaycan öz ərazisində törədilmiş cinayətlər üzrə istintaq və məhkəmə prosedurlarını həm milli qanunvericiliyin, həm də beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirməklə beynəlxalq ədalət sisteminə də real töhfə verir. Onun fikrincə, bu yanaşma beynəlxalq münaqişələrin həlli praktikasında yeni və diqqətəlayiq presedent kimi qiymətləndirilə bilər.
“Məhkəmə proseslərinin açıq keçirilməsi və hüquqi arqumentlərə, faktlara əsaslanması beynəlxalq ictimaiyyət üçün mühüm mesajdır. Bu, selektiv ədalət yanaşmalarının yolverilməz olduğunu, hüquqi prosedurların siyasi mülahizələrdən ayrılmalı olduğunu nümayiş etdirir”, – deyə siyasi şərhçi vurğulayıb.
O bildirib ki, postmünaqişə dövründə ədalət mexanizmlərinin işə salınması dayanıqlı sülhün qurulmasının əsas şərtlərindən biridir. Azərbaycanın seçdiyi yol hərbi-siyasi qələbənin hüquqi təsdiqi kimi dəyərləndirilə bilər. Bu yanaşma beynəlxalq münasibətlər sistemində məsuliyyət və ədalət anlayışlarının yalnız bəyanat səviyyəsində deyil, real institusional mexanizmlər vasitəsilə təmin oluna biləcəyini göstərir.
“Formalaşan bu presedent gələcəkdə oxşar münaqişə və postmünaqişə vəziyyətləri ilə üzləşən dövlətlər üçün həm hüquqi, həm də siyasi baxımdan mühüm istinad nöqtəsinə çevrilə bilər”, - deyə Ülviyyə Zülfiqar əlavə edib.