Siyasi şərhçi: Orta Dəhliz geosiyasi baxımdan daha sabit alternativ kimi qiymətləndirilir
Bakı, 21 iyul, AZƏRTAC
Mövcud geosiyasi dinamika Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əhəmiyyətini iqtisadi layihə səviyyəsindən çıxarıb, onu Avrasiyanın strateji təhlükəsizlik və geosiyasi arxitekturasının əsas elementlərindən birinə çevirir. Bu prosesdə Azərbaycanın rolu da tranzit ölkədən regional strateji mərkəzə doğru transformasiya olunur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Elnur Ənvəroğlu deyib.
Siyasi şərhçi bildirib ki, Rusiya–Ukrayna müharibəsi Avropanın logistika xəritəsini ciddi şəkildə dəyişdirib. Sanksiyalar, siyasi risklər və sığorta xərclərinin artması nəticəsində Avropa şirkətləri tədricən alternativ marşrutlar axtarmağa başlayıblar. Bu baxımdan Orta Dəhliz artıq sadəcə alternativ deyil, risklərin şaxələndirilməsi strategiyasının vacib hissəsinə çevrilib. Hörmüz boğazı ətrafında yaranan risklər, İran üzərindən keçən beynəlxalq logistika layihələrinin sanksiyalarla üzləşməsi və regional sabitliyin zəifləməsi investorların daha etibarlı dəhlizlərə üstünlük verməsinə səbəb olur. Bu fonda Xəzər dənizi üzərindən keçən Orta Dəhliz geosiyasi baxımdan daha sabit alternativ kimi qiymətləndirilir.
Elnur Ənvəroğlunun sözlərinə görə, Azərbaycanın əsas üstünlüyü yalnız əlverişli coğrafi mövqeyi ilə məhdudlaşmır. Son onillikdə Bakı limanının genişləndirilməsi, Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirilməsi, Ələt Azad İqtisadi Zonasının yaradılması, rəqəmsal gömrük sistemlərinin tətbiqi və logistika infrastrukturuna qoyulan böyük investisiyalar Azərbaycanın tranzit potensialını real iqtisadi üstünlüyə çevirib. Başqa sözlə, coğrafiya düzgün dövlət siyasəti ilə tamamlanıb.
“Prezident İlham Əliyev bu ilin aprel ayında Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçıları və vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən Orta Dəhlizin strateji əhəmiyyətinə xüsusi diqqət çəkib. Dövlətimizin başçısı Orta Dəhlizin tam olaraq Azərbaycanın maraqlarına uyğun olduğunu vurğulayaraq bildirmişdi ki, mövcud geosiyasi vəziyyətdə Orta Dəhliz, Trans-Xəzər dəhlizi, Zəngəzur dəhlizi və bu istiqamətdə həyata keçirilən digər layihələr daha böyük önəm daşıyır", – deyə Elnur Ənvəroğlu bildirib.
Politoloq vurğulayıb ki, Azərbaycanın enerji diplomatiyası ölkənin nəqliyyat siyasətini tamamlayan əsas istiqamətlərdən biridir. Avropanın Rusiya qazından asılılığını azaltmaq strategiyası fonunda Azərbaycan artıq mühüm enerji tərəfdaşı kimi qəbul olunur. Əgər enerji və nəqliyyat eyni geosiyasi platformada birləşirsə, bu, ölkənin strateji əhəmiyyətini daha da artırır. Avropa üçün Azərbaycan həm enerji təhlükəsizliyi, həm də təchizat zəncirlərinin davamlılığı baxımından vacib tərəfdaşa çevrilir. Mərkəzi Asiya ölkələri üçün də Orta Dəhlizin əhəmiyyəti getdikcə artır. Qazaxıstan, Özbəkistan və Türkmənistan ixrac marşrutlarını yalnız bir istiqamətdən asılı vəziyyətdə saxlamaq istəmirlər. Onlar Avropa bazarlarına daha təhlükəsiz çıxış əldə etmək üçün Trans-Xəzər marşrutuna daha çox maraq göstərirlər. Bu isə Azərbaycanın regionlararası inteqrasiyanın əsas qovşaqlarından birinə çevrilməsini sürətləndirir.
“Yaranan yeni geosiyasi reallıq Azərbaycanın xarici siyasəti üçün də əlavə imkanlar açır. Avropa İttifaqı, Mərkəzi Asiya dövlətləri, Çin, Türkiyə və Körfəz ölkələri ilə əməkdaşlığın genişlənməsi Bakının çoxtərəfli diplomatiyasını gücləndirə bilər. Azərbaycanın müxtəlif geosiyasi mərkəzlərlə balanslaşdırılmış münasibətlər qurmaq siyasəti belə bir şəraitdə daha böyük əhəmiyyət qazanır", – deyə siyasi şərhçi vurğulayıb.
Müxbir - Səbinə Əlizadə