Siyasi şərhçi: WUF13 Bakıda qlobal presedent yaratdı
Bakı, 25 may, AZƏRTAC
Bakıda keçirilən WUF13 tədbiri urbanizasiya problemlərinin müzakirə edilməsi, qəbul edilən qərarlar və şəhərsalma prosesində bir sıra ilklərə imza atılması baxımından qlobal presedent yaratdı.
Bu fikri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib.
Onun sözlərinə görə, tədbirin ən mühüm məqamlarından biri iştirakçı ölkələr arasında təcrübə mübadiləsinin aparılması idi. Burada Azərbaycan təcrübəsi xüsusilə diqqət mərkəzində idi. Çünki işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən şəhərsalma prosesi dünyada nadir nümunələrdən hesab olunur. Azərbaycan işğal dövründə tamamilə məhv edilmiş şəhərlərini və yaşayış məntəqələrini yenidən qurur. Bu prosesdə məsələ təkcə inşaat işlərinin həyata keçirilməsi deyil. Burada insan faktorunun prioritet olduğu yaşayış məskənlərinin salınması əsas məsələdir.
“Şəhərlərin və yaşayış məntəqələrinin yenidən qurulması zamanı dağıdılmamışdan əvvəl mövcud olmuş memarlıq üslubunun nəzərə alınması mühüm əhəmiyyət daşıyır. Çünki məcburi köçkünlər geri qayıdarkən onların geridə qoyduqları keçmişlərini də qaytarmaq lazımdır. Tarixi memarlığın qorunması ilə yanaşı, müasir innovasiyaların tətbiqi, ətraf mühitin mühafizəsi və yaşıl zonaların yaradılması şəhərsalma prosesinin əsas prinsiplərindəndir. Kifayət qədər mürəkkəb olan bu prosesi ustalıqla həyata keçirən Azərbaycanın təcrübəsi artıq qlobal miqyasda nümunəyə çevrilib. WUF13-də bu təcrübənin xüsusi diqqət mərkəzində olması da təsadüfi deyildir”, – deyə A.Nərimanlı vurğulayıb.
Siyasi şərhçi hesab edir ki, Azərbaycanın təcrübəsinin WUF13 çərçivəsində qəbul edilən “Bakı Fəaliyyətə Çağırış” sənədində qeyd olunması postmünaqişə dövründə yenidənqurma modeli kimi beynəlxalq səviyyədə qəbul ediləcək.
“Dünyada münaqişədən əziyyət çəkən müxtəlif ölkələrin əsas çətinliklərindən biri məhz postmünaqişə dövründə bərpa prosesinin aparılması və məcburi köçkünlərin qayıdışının təmin edilməsidir. Azərbaycan artıq belə bir modeli yaradıb. WUF13-ün Bakıda keçirilməsinin ən mühüm nəticələrindən biri də Azərbaycan təcrübəsinin beynəlxalq müstəvidə tanınması oldu. Bu, təkcə ölkəmizin nüfuzunu gücləndirmir, eyni zamanda, postmünaqişə dövrünün yenidənqurma prosesində qlobal model formalaşdırır”, – deyə Asif Nərimanlı əlavə edib.
Müxbir – Səbinə Əlizadə