SLAVYAN UNİVERSİTETİNDƏ ELMİ-PRAKTİK KONFRANS
İyunun 18-də Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Slavyan Universiteti Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi ilə birlikdə “Azərbaycan orta ümumtəhsil məktəblərində rus dili və ədəbiyyatı tədrisinin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirmişlər.
Konfransı BSU-nun rektoru, professor Kamal Abdullayev açaraq, Azərbaycan-Rusiya dostluq münasibətlərindən, ölkəmizin ümumtəhsil məktəblərində rus dili və ədəbiyyatının tədrisi sahəsində görülən işlərdən danışdı.
Rusiya Federasiyasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri N.Ryabov Azərbaycan Prezidenti Heydər Əliyevin ölkələrimiz arasında elm və təhsil əlaqələrinin möhkəmləndirilməsindəki böyük xidmətlərindən söz açdı.
Sonra professor İ.Həmidovun “Azərbaycan təhsil sistemində rus dilinin rolu və yeri”, dosent Y.Alxasovun “Rus dili və ədəbiyyatının Azərbaycan orta ümumtəhsil məktəblərində tədrisinin vəziyyəti”, dosent İ.Əliyevanın “Rus dili və ədəbiyyatı müəllimlərinin ixtisasartırma sisteminin təkmilləşdirilməsi yolları” mövzusunda məruzələri dinlənildi.
Məruzələr ətrafında çıxış edən Təhsil Nazirliyinin baş idarə rəisi A.Muradov, Moskva Humanitar Universitetinin prorektoru İ.Murzak, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun kafedra müdiri, professor A.Şukin, Moskva Humanitar Universitetinin professoru A.Yastrebov, BSU-nun kafedra müdiri O.Hacəliyev, Azərbaycanda rus icmasının təhsil komissiyasının sədri N.Vasilçenko və başqaları konfransın əhəmiyyətindən danışdılar, ölkələrimiz arasında elm və təhsil sahəsində əlaqələrin daha da genişlənəcəyinə əmin olduqlarını vurğuladılar.
Konfransda respublika təhsil nazirinin müavini Elmar Qasımov iştirak edirdi.