“SOCAR-AQŞ” MMC tələbələr üçün “Yay təcrübə proqramı” elan edib
Bakı, 30 aprel, AZƏRTAC
Azərbaycanda qabaqcıl qazma müəssisəsi olan “SOCAR-AQŞ” Məhdud Məsuliyyətli Cəmiyyəti tələbələr üçün “Yay təcrübə proqramı” elan edib. Proqramın məqsədi neft və qaz sektorunda karyera qurmaq arzusunda olan tələbələrə müəssisənin müxtəlif struktur bölmələrinin işlərində yaxından iştirak edərək, təcrübə qazanmaq imkanı yaratmaqdır.
“SOCAR-AQŞ” MMC-dən AZƏRTAC-a verilən məlumata görə, müəssisə bu proqramlar vasitəsilə “Yay təcrübə proqramı”nı uğurla keçən tələbələri gələcəkdə potensial işçi kimi dəyərləndirir. Proqram Azərbaycanın ali təhsil müəssisələri üçün açıq elan edilir. Təcrübə proqramı əsasən “SOCAR-AQŞ”nin qazma mühəndisliyi şöbəsi, geoloji şöbə, texniki xidmət (Energetika, Mexanika), sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi şöbəsi, təchizat bölməsi, maliyyə şöbəsi, insan resursları şöbəsi, təlim və təkmilləşdirmə şöbəsi, idarəetmə sistemləri şöbəsi struktur bölmələrini əhatə edir.
Proqramda iştirak etmək üçün ərizələrin qəbulu mayın 20-dək davam edəcək. Proqrama təhsil müəssisələrinin 3-cü və 4-cü kurslarında və magistr dərəcəsində təhsil alan tələbələr müraciət edə bilərlər. Maraqlanan tələbələrdən müəssisənin müvafiq anket formasını doldurduqdan sonra həmin formanın skan olunmuş variantını [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Tələbələr ərizə formasını müəssisənin veb səhifəsinin “Karyera mərkəzi” bölməsindən də yükləyə bilərlər (www. socar-aqs.com). Anket formasını göndərərkən elektron məktubun “mövzu” (subject) yerinə mütləq “Yay təcrübə proqramı” və müraciət olunan struktur bölmənin adı qeyd edilməlidir. Son müraciət tarixinə qədər daxil olmuş anketlər nəzərdən keçiriləcək, seçilən tələbələr sınaq imtahanına və yekun müsahibəyə dəvət olunacaqlar. “Yay təcrübə proqramı”nı uğurla bitirən tələbələrə müəssisə tərəfindən sertifikat təqdim olunacaq.