“SOCAR-Azerbaijan” şahmat komandası klublararası Avropa kuboku yarışlarında növbəti qələbəsini qazanıb
Bakı, 21 oktyabr, AZƏRTAC
Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə klublararası Avropa kuboku turniri davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan klublarından “SOCAR-Azerbaijan” qələbə seriyasını davam etdirib. Komandamız Rusiyanın “Universitet Beloreçensk” klubundan üstün olub - 4,5:1,5.
Digər komandamız “Odlar yurdu” isə yerli “Alkaloid” kollektivi ilə görüşdən 2,5:3,5 hesablı məğlubiyyətlə ayrılıb.
Hesabında 6 xal olan “SOCAR-Azerbaijan”, “Novi Bar” (Çexiya) və “Alkaloid” komandaları 1-3-cü pilləni bölüşürlər. “Odlar yurdu” komandası isə 4 xalla yeddinci pillədə qərarlaşıb.
Əlli komandanın mübarizə apardığı turnirə oktyabrın 24-də yekun vurulacaq.