SOCAR-ın idarə və müəssisələrində yaz iməcilikləri davam edir
Bakı, 11 aprel, AZƏRTAC
SOCAR-ın idarə və müəssisələrində yaz iməcilikləri davam edir.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Qaz İxrac” idarəsinin 1300 nəfərdən çox əməkdaşı iməciliklərdə istehsalat sahələrində səliqə-sahman, təmizlik, abadlıq işlərini yerinə yetirib, 5 minə qədər ağac əkib, yaşıllığa aqrotexniki qulluq göstəriblər. İdarənin ərazisi alaq otlarından təmizlənib, ağacların dibi bellənərək yumşaldılıb.
Ekologiya İdarəsi həm yaşıllaşdırma işləri üçün ağac-kol tədarükü, həm də bioremediasiya işləri həyata keçirilmiş ərazilərdə ağac əkilməsi işlərinə fəal surətdə qoşulub. İdarənin 60 nəfər əməkdaşının iştirakı ilə Eko-parkda növbəti iməcilik keçirilib. İməcilik zamanı 500 ədəd zeytun ağacı əkilib. Əkilən ağacların dibləri konusvarı bellənib, suvarma işləri aparılıb, sahələr alaq otlarından təmizlənib.
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda da növbəti iməcilik keçirilib. Zavod rəhbərliyi və 60 nəfərdən çox işçinin fəal iştirak etdiyi iməcilikdə 200 ədəd Eldar şamı, 200 ədəd həmişəyaşıl sərv ağacı əkilib. Həmin gün zavodun yaşıllıq zonasındakı 10 min ağaca aqrotexniki qaydada qulluq edilib, dibləri bellənərək gövdəsi əhəng məhlulu ilə ağardılıb. Hazırda zavod ərazisində 92 mindən artıq ağac və gül kolu var.
SOCAR-ın idarə və müəssisələrinin kollektivi yazın gəlişi ilə bağlı şənbə iməciliklərini mövsümün sonunadək davam etdirəcəklər.