Son illər Qax rayonunda 400 minə yaxın tut tingi əkilib
Qax, 23 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən baramaçılıq rayonlarına göndərilən yerli tut tinglərinin 10 min ədədinin Qax rayonu ərazisində əkilməsi nəzərdə tutulub. Tinglər artıq rayona gətirilib və əvəzsiz olaraq təsərrüfatlara, barama istehsalçılarına paylanılıb. Hazırda təsərrüfatlarda tinglərin əkini davam edir.
Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ümumiyyətlə, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə son illər rayon ərazisində 396 min 235 ədəd tut tingi əkilib. Bunun 185 min ədədi Çindən ölkəmizə gətirilən calaq olunmuş tinglər, 211 min 235 ədədi isə yerli tut tingləridir.
Rayona yeni gətirilən yerli tut tinglərinin 500 ədədi hazırda Qax Damazlıq İpəkçilik Stansiyasının ərazisində əkilir. Stansiyanın direktoru Əkrəm Fətəliyevin sözlərinə görə, son illər müəssisənin ərazisində 5 hektar sahədə Çin texnologiyası əsasında intensiv tipli tut bağı salınıb, 30 min ədəd ting əkilib. Bir neçə mövsümdür ki, ipəkqurdunun yemlənməsi prosesi zamanı bağdakı ağacların yarpağından da istifadə olunur.