Sosial–İqtisadi Kollecdə Bilik Günü qeyd olunub
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə Bilik Günü qeyd edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Kollecdən AZƏRTAC-a bildirilib ki, bu təhsil müəssisəsinin direktoru pedaqoji elmlər doktoru Vidadi Orucov tələbələri təbrik edib və onlara təhsil həyatlarında uğurlar arzulayıb. Qeyd edib ki, kollecin ən başlıca hədəfi mükəmməl təhsil mühiti yaratmaqla əmək bazarının tələblərinə uyğun peşəkar kadrlar yetişdirməkdir.
Sonra kollecin məzunu, UNEC-in tələbəsi Türkan Məhərrəmova, sosial iş ixtisası üzrə II kurs tələbəsi Aytac Mehdiyeva çıxış edərək tələbələri təbrik edib və onlara uğurlar arzulayıblar.
Valideynlər adından çıxış edən Səməd Vəkilov tələbələrə yaradılan şəraitə görə təşəkkürünü bildirib.
Sonda valideynlər auditoriyalarda dərs prosesinin gedişi ilə tanış olublar.