Stokholmda Dağlıq Qarabağ münaqişə zonasında yaranan son gərginlik müzakirə olunub
Stokholm, 7 aprel, Rauf Əliyev, AZƏRTAC
Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov İsveç Parlamentinin üzvü, ATƏT-in Parlament Assambleyasının hazırkı vitse-prezidenti Kent Harstedt ilə görüş keçirib.
Kent Harstedt Bakıda səfərdə olduğunu və keçirdiyi müxtəlif səviyyəli görüşlərdən danışaraq, Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən məmnun qaldığını bildirib. O, Azərbaycanda baş verən müsbət dəyişiklikləri qeyd edib, xüsusilə Prezident İlham Əliyev tərəfindən verilən Əfv Fərmanının təqdirəlayiq olduğunu deyib.
Azərbaycana göstərdiyi diqqətə görə Kent Harstedtə təşəkkür edən səfir A.Məmmədov Prezident İlham Əliyev tərəfindən xoş məram göstərilərək Əfv Fərmanının imzalanmasını əslində Azərbaycan hökumətinin və dövlət başçısının Avropaya inteqrasiya və Avropa ölkələri ilə əlaqələrin inkişafına verdiyi önəmin göstəricisi olduğunu bildirib.
Görüşdə Avropa-Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Kent Harstedt Azərbaycanın Avropa üçün önəmli bir ölkə olduğunu qeyd edərək, əlaqələrin daha da genişləndirilməsinin hər iki tərəf üçün faydalı ola biləcəyini vurğulayıb.
Avropa-Azərbaycan münasibətlərində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin önəmli bir yer tutduğunu bildirən səfirimiz Ermənistan silahlı qüvvələrinin Azərbaycanın 20 faiz ərazisini işğal etdiyini, işğalın 1 milyondan artıq qaçqın və məcburi köçkünün yaranması ilə nəticələndiyinin hamıya bəlli olduğunu, BMT Təhlükəsizlik Şurasının işğalla bağlı 4 qətnamə qəbul etdiyini, lakin beynəlxalq hüquq normalarına riayət etməyən Ermənistanın hələ də işğalı davam etdirdiyini diqqətə çatdırıb. Səfir A.Məmmədov beynəlxalq ictimaiyyətin, xüsusilə də Avropa Birliyinin Ermənistanın bu işğalçı siyasətinə lazımi qiymət verməməsini və laqeyd münasibət göstərməsini Azərbaycan xalqında Avropa dövlətlərinin siyasətinə qarşı inamsızlıq hissinin doğurduğunu vurğulayıb.
A.Məmmədov son günlər cəbhə xəttində baş verən hadisələrə toxunaraq təmas xətti boyunca yaşayış yerlərində məskunlaşan mülki insanların vaxtaşırı olaraq Ermənistan silahli birləşmələri tərəfindən işğal edilmiş yüksəkliklərdən hədəfə alınaraq qətlə yetirildiyini, belə halların intensivləşməsinin və erməni təxribatının artmasının Azərbaycan tərəfini əks tədbirlər görməyə vadar etdiyini bildirib. O, Avropa dövlətlərinin və aidiyyəti beynəlxalq institutların məsələyə biganə münasibətlərinin, Ermənistana təcavüzkar dövlət kimi yanaşılmadığının təəssüf doğurduğunu, münaqişənin tənzimlənməsi istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyətinin güclənləndirilməsinin vacibliyini vurğulayıb.
Kent Harstedt öz növbəsində tərəflər arasında atəşkəs rejiminin yenidən bərqərar olunmasının təqdirəlayiq bir hal olduğunu bildirərək, təmsil etdiyi qurumun münaqişənin dinc vasitələrlə, danışıqlar yolu ilə həllinə önəm verdiyini, münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində tənzimlənməsinin vacibliyini deyib.
Səfir A.Məmmədov Ermənistan hakimiyyətinin münaqişənin sülh yolu ilə həllində həmişə destruktiv mövqe tutduğunu bildirib.
Ötən bu illər ərzində Minsk qrupu həmsədrləri tərəfindən hər iki ölkənin dövlət başçıları arasında çoxsaylı görüşlər və müzakirələrin təşkil olunduğunu, dövlət başçılarına bir neçə həll planı təqdim olunduğunu bildirən səfir Azərbaycan hökumətinin həll planlarına müsbət yanaşdığını, lakin Ermənistanın hər dəfə cəbhə xəttində vəziyyəti gərginləşdirərək, müxtəlif bəhanələrlə planı pozduğunu qeyd edib. Səfir A.Məmmədov İsveç tərəfinin Minsk qrupunun üzvü kimi münaqişənin həlli istiqamətində fəaliyyətinin artırılmasının əhəmiyyətli ola biləcəyini vurğulayaraq, Azərbaycan tərəfinin bunda maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşün sonunda səfir A.Məmmədov Kent Harstedtə cəbhə xəttində yaranmış gərginliklə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatını və ingilis araşdırmaçı İen Peartın müəllifi olduğu “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabını təqdim edib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm