Strasburqda 20 Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir
Paris, 21 yanvar (AZƏRTAC). Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyi 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi təşkil etmişdir.
Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri, səfir Emin Eyyubov xalqımızın qan yaddaşına həkk olunmuş 20 Yanvar faciəsi barədə məlumat vermiş, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətin əsl mahiyyətindən danışmış, bu günü tariximizin qəhrəmanlıq səhifəsi kimi səciyyələndirmişdir. Diplomat o müdhiş gecədə 147 nəfərin şəhid olduğunu, yüzlərlə insanın yaralandığını və həbs edildiyini diqqətə çatdırmışdır.
Səfir qeyd etmişdir ki, bu qırğına baxmayaraq, sovet rejimi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. İyirmi Yanvar hadisələri müstəqilliyə gedən yolun başlanğıcı oldu.
Qanlı Yanvar faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini vurğulayan E.Eyyubov həmin günlərdə ümummilli lider Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək xalqımıza ən çətin zamanda mənəvi dəstək olduğunu və bu qırğını törədənlərə kəskin etiraz etdiyini vurğulamış, məhz Ulu Öndərin Sərəncamı ilə 20 Yanvarın ümumxalq hüzn günü elan edildiyini diqqətə çatdırmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə böyük uğurlar qazandığını söyləyən diplomat bu gün dünyada demokratik, güclü və inkişaf etmiş müstəqil Azərbaycan dövlətinin mövcud olduğunu vurğulamışdır. O, həmçinin ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə, sağlamlığını itirmiş insanların sosial şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət göstərildiyini, onların sosial təminatının gücləndirildiyini bildirmişdir.
Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyətinin sədri Mustafa Əlincə 20 Yanvarın həm də Azərbaycan tarixində qürur və qəhrəmanlıq səhifəsi olduğunu bildirmiş, qətliamın xalqın azadlıq arzusunu söndürə bilmədiyini demişdir.
Tədbirdə nümayəndəliyin əməkdaşları, Azərbaycan və türk diaspor təşkilatlarının təmsilçiləri, Strasburqda təhsil alan azərbaycanlı və xarici tələbələr iştirak etmişlər.
Sonra Vətənimizin müstəqilliyi uğrunda şəhid olmuş faciə qurbanlarının xatirəsinə ehsan süfrəsi açılmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris