Su itkisinin qarşısının alınması üçün Qaxda torpaq kanallar beton üzlüyə alınır
Qax, 26 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Torpaqların su təminatının yaxşılaşdırılması, əkin sahələrinin suvarılması zamanı su itkisinin qarşısının alınması məqsədilə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Qax rayon Suvarma Sistemləri İdarəsi tərəfindən rayon ərazisində mövcud torpaq kanalların beton üzlüyə alınması istiqamətində işlər davam etdirilir. Cari ildə Əmircan torpaq suvarma kanalının 450 metrlik hissəsinin beton üzlüyə alınması nəzərdə tutulur. İndiyədək kanalın 300 poqonometrlik hissəsi beton üzlüyə alınıb və hazırda işlər davam etdirilir. Ümumiyyətlə, son illər rayon ərazisində 3 min poqonometrdən çox torpaq suvarma kanalı beton üzlüyə alınıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Turan Şahidov məlumat verib.
Qurum rəsmisi bildirib ki, hazırda idarənin balansında 21 min 354 hektar suvarılan torpaq sahəsi var. Əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün rayonda 264,8 kilometr uzunluğunda torpaq suvarma kanalları mövcuddur. Bu kanalların 188,8 kilometri təsərrüfatlararası, 76 kilometri isə magistral kanallardır.
Baş mühəndisin sözlərinə görə, torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə rayon Suvarma Sistemləri İdarəsi tərəfindən cari ilin 9 ayı ərzində suvarma kanallarında 128,8 min kubmetr həcmdə lildən təmizləmə işləri həyata keçirilib. Eyni zamanda, çay yataqlarında 379,4 min kubmetr həcmdə məcratəmizləmə işləri görülüb.
Baş mühəndis bildirib ki, rayonun yaşayış məntəqələrini və əkin sahələrini baş verə biləcək sel təhlükəsindən qorumaq məqsədilə idarə tərəfindən rayon ərazisindən axan dağ çaylarında sahilbərkitmə işləri də davam etdirilir. Belə ki, idarənin 2023-cü il üçün iş planına əsasən, ötən müddətdə Kürmük çayının sahilində 702 kubmetr həcmdə daş-beton bənddə əsaslı təmir işləri aparılıb. Eyni zamanda, 785,5 kubmetr daş-beton və 216 kubmetr qabion bəndlər cari təmir olunub. Hazırda İbaxlı, Qaratala və Uzuntala kəndlərinin mühafizəsi üçün Kürmük çayının sol sahilində 50 poqonometr uzunluğunda daş-beton bəndin tikintisi davam etdirilir. Həmçinin Qax şəhərinin, Əlibəyli kəndinin, Qax-Şəki magistral avtomobil yolunun mühafizəsi üçün Kürmük çayının sağ sahilində daş-beton bənddə cari təmir işləri də aparılır.