Sudan üzrə Beştərəfli Qrup: Münaqişənin hərbi yolla həlli yoxdur
Qahirə, 10 sentyabr, AZƏRTAC
Sudan üzrə Beştərəfli Qrup ölkədəki münaqişənin hərbi yolla həllinin mümkün olmadığını bəyan edib.
AZƏRTAC “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, bu, Afrika İttifaqı, Beynəlxalq Hökumətlərarası İnkişaf Təşkilatı (IGAD), Ərəb Dövlətləri Liqası, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının daxil olduğu qrupun cümə axşamı yaydığı bəyanatda bildirilib.
Vurğulanıb ki, istənilən davamlı siyasi proses mülki əhalinin müdafiəsi və hərbi əməliyyatların dayandırılması istiqamətində konkret addımlarla müşayiət olunmalıdır.
Qrup Sudanın suverenliyinə, birliyinə və ərazi bütövlüyünə tam hörmət etdiyini təsdiqləyib. Həmçinin ölkədə hər hansı paralel idarəetmə strukturlarının yaradılmasına qarşı olduğunu bir daha bəyan edib.
Qeyd olunub ki, qrupun missiyasının əsas məqsədi Sudandakı maraqlı tərəfləri dinləmək, beynəlxalq səyləri yerli siyasi və mülki təşəbbüslərlə əlaqələndirməkdir.
Bəyanatda vurğulanıb ki, qrupun birgə səyləri Sudan xalqının rəhbərlik etdiyi, onun tərəfindən formalaşdırılan etibarlı və inklüziv siyasi prosesə dəstək verməyə və xalqın istəklərinə cavab verəcək demokratik sivil hökumətin formalaşmasına gətirib çıxaracaq keçid mərhələsinə nail olmağa yönəlib.
Qeyd edək ki, Sudanda 2023-cü ilin aprelində başlayan müharibə nəticəsində 200 mindən çox insan həyatını itirib. Münaqişə, həmçinin milyonlarla insanın məcburi köçkün və qaçqın vəziyyətinə düşməsinə, eləcə də bir sıra ərazilərdə aclığın yayılmasına səbəb olub.