REGİONLAR
“Sumqayıt” futbol klubu oyunlarını yenidən qurulan stadionda keçirəcək
Sumqayıt, 24 oktyabr, AZƏRTAC
Yenidən qurulan Sumqayıt şəhər stadionunun tamaşaçı tutumu 9502 nəfərdir. Stadionun ərazisi 6,8 hektardır. İyirmi iki sektordan ibarət stadionda 545 nəfərlik VİP və KİV tribunası da yaradılıb, ərazi abadlaşdırılıb, yaşıllıq zonaları salınıb.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında stadionun direktoru Nadir Quliyev deyib.
O bildirib ki, Sumqayıt şəhər stadionu 1966-cı ildə istifadəyə verilib, sonuncu dəfə burada 2011-ci ildə təmir işləri aparılıb. Dövlət başçısının 2019-cu ildə imzaladığı Sərəncama əsasən, 2020-ci ildə stadionun yenidən qurulmasına başlanılıb. Dünən isə Prezident İlham Əliyev Sumqayıtda yenidən inşa edilmiş Mehdi Hüseynzadə adına şəhər stadionun açılışını edib.
Stadionun binasında cüdo, boks və karate zalları fəaliyyət göstərəcək. Burada, eyni zamanda, 2 trenajor otağı, 40 nəfərlik konfrans zalı, inzibati otaqlar, jurnalistlər, hakim, həkim, şərhçilər, məşqçilər üçün otaqlar və digər texniki-köməkçi otaqlar var.
N.Quliyev bildirib ki, artıq “Sumqayıt” futbol klubu oyunların bu meydanda keçirəcək, həmçinin milli komandanın oyunları da burada keçirilə bilər.