Sumqayıt Kimya Sənaye Parkının rezidentləri məhsul ixracına başlayıb
Sumqayıt, 26 yanvar, Firuz Novruzov, AZƏRTAC
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidentləri “Azərsulfat” MMC və “Glassica” QSC tərəfindən yanvarın 26-da müəssisələrə mediatur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, media nümayəndələri “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olublar. Media nümayəndələrinə bildirilib ki, Sənaye Parkının 1,5 hektar ərazisində müəssisədə kontakt üsulu ilə 93 və 98 faizli sulfat turşusu istehsal edilir. Müəssisə direktoru Emil Quliyev illik istehsal gücünün 20 min ton olduğunu, bunun 10 min tonunun daxili bazarda satışı, 10 min tonunun isə ixrac edilməsinin planlaşdırıldığını deyib. Hazırda Gürcüstana sulfat turşusu məhsulunun ixrac edilməsinə dair müqavilə imzalanıb və yaxın günlərdə bu ölkəyə sulfat turşusu məhsulunun göndərilməsi planlaşdırılır. İnvestisiya həcmi 10 milyon manatdan çox olan müəssisədə 42 nəfər daimi işlə təmin edilib. Müəssisə fəaliyyətə başlayandan indiyədək daxili bazarda 1600 tondan çox məhsul satıb.
Sonra “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı müəssisəsində olan KİV nümayəndələrinə məlumat verilib ki, ümumi investisiya dəyəri 20 milyon manatdan çox olan müəssisənin illik istehsal gücü 90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları (butulka) təşkil edir. Müəssisə fəaliyyətə başlayandan 2 xarici və 5 yerli şirkətlə məhsul satışına dair müqavilə imzalanıb. “Glassica” QSC tərəfindən ilk dəfə olaraq Rumıniya və Moldovaya 250 min ədəddən çox butulka ixrac edilib. Bu həm də ölkəmizdən Avropaya ilk butulka ixracıdır.
Bu barədə məlumat verən “Glassica” QSC-nin korporativ direktoru Emil Əsgərov bildirib ki, hazırda müəssisə Azərbaycanda butulkaya olan tələbatın 30-40 faizini ödəyir. Şirkət tərəfindən Sumqayıt Kimya Sənaye Parkının ərazisində yeni eyni tipli müəssisənin inşası planlaşdırılır. Bu müəssisənin istifadəyə verilməsi ilə ölkəmizdə butulkaya olan tələbat tam ödəniləcək. Hazırda müəssisədə 140 nəfər şəxs daimi işlə təmin edilib. Müəssisə fəaliyyətə başlayandan bu günədək 3 milyon ədəddən çox butulka istehsal edilib.