SUMQAYIT MÜƏLLİMLƏRİNİN ŞƏHƏR KONFRANSI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Sumqayıtda, kimyaçıların Üzeyir Hacıbəyov adına Mədəniyyət Sarayında şəhər təhsil işçilərinin konfransı keçirilmişdir.
Şəhər təhsil şöbəsinin müdiri Vidadi Bağırov Sumqayıtın təhsil sisteminin fəaliyyətinin bütün spektrini əks etdirən geniş hesabat məruzəsi ilə çıxış etmişdir. Bu il şəhərin 3 tədris müəssisəsi “İlin ən yaxşı məktəbi” müsabiqəsinin, 4 fənn müəllimi “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuş, 7 şagird fənn olimpiadalarında qalib gəlmişdir. Məruzəçinin qeyd etdiyi kimi, bu, respublika üzrə ən yüksək nəticədir. Məktəblilərin yay istirahətinin təşkili sahəsində sumqayıtlıların müsbət təcrübəsi də təqdir edilməyə və yayılmağa layiqdir.
Yeni dərs ilində şəhərdə 2 məktəb binası istifadəyə veriləcəkdir. 17 orta məktəbdə əlavə tədris korpusları tikilmiş, məktəblərin mebel və müvafiq laboratoriya avadanlığı ilə təchizatı xeyli yaxşılaşmışdır. Məktəblərin qızdırıcı sistemlərlə mərhələlər üzrə təchiz olunması başa çatmaq üzrədir. Belə ki, qış mövsümündə şəhərdəki 50 məktəbin hamısı qızdırılacaqdır.
Dövlətimizin başçısının tədris prosesinin telekommunikasiya təminatına dair tələbləri çərçivəsində 1.499 stasionar kompyuter, 48 noutbuk, 49 proyektor alınmışdır. Natiqin sözlərinə görə, bütün bunlar təhsilin keyfiyyətinə müsbət təsir göstərir, həm şagirdlərin, həm də müəllimlərin potensial imkanlarının üzə çıxarılmasına stimul yaradır.
Şəhərdə məktəblilərin estetik tərbiyəsi, yaradıcılıq qabiliyyətinin inkişafı üçün maksimum şərait yaradılmışdır. “Qanadlandıq uçmağa” adlı illik almanaxın doqquzuncu buraxılışı çapdan çıxmışdır. Bu almanaxa Sumqayıt məktəblilərinin şeirlərinə peşəkar bəstəkarların yazdığı mahnılar daxil edilmişdir. Məktəblilərin xalqımızın ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş inşalar toplusu “Tarixdə tarixi yaradanlar qalır” adlı ayrıca kitab şəklində çap edilmişdir.
Məruzədə məktəbəqədər müəssisələrin fəaliyyəti də təhlil edilmiş, təhsil sisteminin bu problemli sahəsində yaranmış vəziyyəti əsaslı şəkildə yaxşılaşdırmaq vəzifəsi qarşıya qoyulmuşdur.
Konfransda şəhər təhsil siteminin işçiləri, valideynlər, eləcə də qəbul imtahanlarında mütləq nəticə göstərərək 700 bal toplamış Elvin Dadaşov dövlətimizin başçısı İlham Əliyevə ölkədə təhsil prosesinin təşkili şəraitinin yaxşılaşdırılmasına və bu prosesin modernləşdirilməsinə daimi qayğısına görə minnətdarlıqlarını bildirmişlər.
Sumqayıt icra hakimiyyətinin başçısı Vaqif Əliyev və respublika təhsil nazirinin müavini İsgəndər İsgəndərov konfrans iştirakçıları qarşısında çıxış etmişlər. Natiqlər şəhər təhsil şöbəsinin fəaliyyətini yüksək qiymətləndirərək fəal təlim metodlarının tətbiqi, müstəqil iş vərdişlərinin inkişaf etdirilməsi ilə əlaqədar bir sıra təklif və tövsiyələr söyləmişlər. Ölkədə peşə təhsili sisteminə münasibətin kökündən dəyişməsi, biliklərin qiymətləndirilməsi üçün yeni sistemin tətbiq edilməsi, kurrikulum islahatları və digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.
Konfransda Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafı sahəsində müstəsna xidmətləri barədə xoş sözlər deyilmişdir. Qeyd edilmişdir ki, Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində əsasən kənd yerlərində yüzlərlə məktəb binası tikilmiş və modernləşdirilmişdir.
Konfransda respublika müəllimlərinin XIII Qurultayına nümayəndələr seçilmişdir.
Konfrans iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul etmişlər.
Qəbul imtahanlarında 650-dən çox bal toplamış tələbələrə, “İlin ən yaxşı məktəbi” və “İlin ən yaxşı müəllimi” respublika müsabiqələrinin qaliblərinə mükafatlar təqdim edilmişdir.