Sumqayıt stadionunun inşası qrafikə uyğun aparılır
Sumqayıt, 7 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhərində yeni stadionun tikintisi sürətlə davam etdirilir. Hazırda tribunaların tikinti işləri yekunlaşmaq üzrədir. Bütün işlər qrafikə uyğun aparılır.
AZƏRTAC xəbər verir ki, şəhərin əsas futbol arenası beynəlxalq standartlara uyğun inşa edilir. Bu da stadionda ölkə və beynəlxalq əhəmiyyətli oyunların keçirilməsinə imkan yaradacaq. Yeni tikilən stadionun gələn il istifadəyə verilməsi nəzərdə tutulur.
Yeni stadion 60 il əvvəl istifadəyə verilmiş Mehdi Hüseynzadə adına şəhər stadionunun yerində inşa edilir.
"Sumqayıt" futbol klubunun ev oyunlarını keçirdiyi Mehdi Hüseynzadə adına şəhər stadionunun arenanın azarkeş tutumu 16 min nəfər nəzərdə tutulub. Köhnə stadionda meydanın kənarında olan qaçış zolağı ləğv ediləcək və genişlənmiş ərazidə üstüörtülü iki ehtiyat meydança tikiləcək. Stadionun ərazisində otelin inşa olunması da planlaşdırılır.
Xatırladaq ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb.