SUMQAYITDA 42 NÖMRƏLİ ORTA MƏKTƏBİN YENİ BİNASININ AÇILIŞI OLMUŞDUR
Sumqayıt, 15 sentyabr (AZƏRTAC). Sentyabrın 15-də Sumqayıtda 42 nömrəli orta məktəbin yeni binasının açılışı olmuşdur. Bu məktəb “Tuq zavod” yaşayış massivində yerləşir. Uzun illər idi ki, məktəb 1931-ci ildə tikilmiş köhnə xəstəxana binasında yerləşirdi. Böyük Vətən müharibəsi illərində burada hospital olmuş, sonra isə məktəb üçün uyğunlaşdırılmışdır.
Məktəbin yeni ikimərtəbəli binası respublika Təhsil Nazirliyi tərəfindən tikilmişdir. Tikintisinə ötən il başlanan obyektin smeta dəyəri 2 milyon 200 min manatdır.
Açılış mərasimində Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Sumqayıt icra hakimiyyətinin başçısı Vaqif Əliyev mərasim iştirakçılarını təbrik edərək demişdir: “Bilik günü əsl ümumxalq bayramıdır. Demək olar ki, hər bir ailədə məktəbli, tələbə və ya müəllim vardır. 42 nömrəli orta məktəbin şagirdləri üçün isə bu gün ikiqat bayramdır. Siz yeni dərs ilinə yeni binada başlayırsınız. Sizi işıqlı, gözəl təchiz olunmuş sinif otaqları gözləyir.
V.Əliyev vurğulamışdır ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva yeni məktəb binalarının tikintisinə, artıq mövcud binaların maddi-texniki bazasının möhkəmləndirilməsinə böyük diqqət yetirirlər. Təkcə regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı çərçivəsində Sumqayıtda dörd məktəb binası, yeddi təhsil müəssisəsində 2200 yerlik tədris korpusları tikilmiş, beş məktəbdə əsaslı təmir işləri aparılmışdır. Şəhərin kənarlarında - “Sumqayıt stansiyası”, “Tuq zavodu” yaşayış massivlərində yeni müasir məktəblər tikilmişdir.
Şəhər icra hakimiyyətinin başçısı demişdir: “Getdikcə qüdrətlənən dövlətimiz xaricdə ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirir. Azərbaycan rəhbərliyinin ümummilli lider Heydər Əliyevin siyasi xəttini davam etdirməsi sayəsində minlərlə azərbaycanlı tələbə dünyanın ən mötəbər ali məktəblərində təhsil alır”.
Məktəbin direktoru Azad İmanov, valideynlər, müəllimlər və şagirdlər mərasimdə çıxış edərək, bu yaşayış massivinin sakinlərinə diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə təşəkkürlərini bildirmişlər.
Qırmızı lent kəsilmiş, qonaqlar sinif otaqlarına, laboratoriyalara və emalatxanalara, yardımçı otaqlara baxmışlar. Məktəbin soyunub-geyinmə və duş otaqları olan idman zalı, geniş akt zalı, kitabxanası, tibb məntəqəsi və bufeti var. Məktəb mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edilmişdir.
Bu məktəbdə 198 şagird təhsil alır. Ötən il bu təhsil ocağını bitirən 10 şagirdin ikisi yüksək nəticələrlə ölkənin ali məktəblərinə, beşi isə texnikumlara daxil olmuşdur. Bu il 22 şagird məktəbin birinci sinfində təhsil alacaqdır.
######
