Sumqayıtda Beynəlxalq Heyvanları Müdafiə Günü ilə əlaqədar tədbir keçirmişdir
Sumqayıt, 4 oktyabr (AZƏRTAC). Beynəlxalq Heyvanları Müdafiə Günü münasibətilə «Azərikimya» İstehsalat Birliyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi ilə birgə tədbir keçirmişdir. Tədbirdə Sumqayıt Dövlət Universitetinin tələbələri, Sumqayıt Regional Ekologiya İdarəsinin, YAP Gənclər təşkilatının, şəhər təhsil şöbəsinin, «Qızıl Aypara» Cəmiyyətinin şəhər bölməsinin, «Kimyalayihə» İnstitutunun əməkdaşları, ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim Tədris Mərkəzinin şagirdləri və KİV nümayəndələri iştirakı etmişlər.
Birliyin mətbuat xidmətindən AZƏRTACa bildirmişlər ki, tədbirdən əvvəl «Kimyalayihə» İnstitutunun bağçasında qorunub saxlanılan heyvanlara tamaşa edən iştirakçılara Azərbaycanda adları «Qırmızı kitab»a düşən nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvanlar, quşlar və balıqlar haqqında məlumat verilmiş, onları qorumağın hər bir vətəndaşın borcu olduğu vurğulanmışdır.
Daha sonra balaca rəssamların bu mövzuda çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilmiş, müəlliflər xüsusi hədiyyələrlə mükafatlandırılmışdır.
Tədbirdə Azərbaycanın heyvanlar aləmi haqqında məruzə dinlənilmiş və şəhər məktəblərini təmsil edən 12 komandanın iştirakı ilə «Breyn-rinq» bilik yarışması keçirilmişdir. Maraqlı və yaddaqalan məqamları ilə diqqət çəkən yarışmada fərqlənən və daha çox xal toplayan komandalara «Azərikimya» İB-nin xüsusi diplomları və müxtəlif hədiyyələr təqdim olunmuşdur. Qalib komandanın üzvlərinə isə ARDNŞ-in Ekologiya İdarəsinin xüsusi hədiyyələri verilmişdir.