SUMQAYITDA “GƏNC İSTEDADLI KOMPYUTERÇİLƏR-2008” MÜSABİQƏSİ QALİBLƏRİNİN MÜKAFATLANDIRILMASI MƏRASİMİ OLMUŞDUR
Milli Qurtuluş günü ərəfəsində Sumqayıtda “Gənc istedadlı kompyuterçilər-2008” şəhər müsabiqəsi qaliblərinin adları açıqlanmışdır.
AZƏRTAC xəbər verir ki, Üzeyir Hacıbəyov adına mədəniyyət sarayında mükafatlandırma mərasimi keçirilmişdir. Sumqayıtda ilk dəfə təşkil olunan bu müsabiqə ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin və şəhər təhsil şöbəsinin himayəsi altında iki ay əvvəl start götürmüş müsabiqə baş sponsor - HP şirkətinin, sponsorlar “Kür” MMC və İNTEL-in maliyyə dəstəyi ilə keçirilmişdir.
Müsabiqədə Sumqayıtın 36 orta məktəbindən 150 şagird veb-saytın yaradılması, POWER POINT proqramının hazırlanması və təqdimatı nominasiyaları üzrə həm komanda, həm də fərdi şəkildə öz bilik və vərdişlərini nümayiş etdirmişdir.
Müsabiqənin nəticələrini Bakı Dövlət Universitetinin professoru Ramin Mahmudzadənin sədrliyi ilə Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, “Qafqaz” Universitetinin və s. nümayəndələrindən ibarət münsiflər heyəti qiymətləndirmişdir.
Fərqlənən şagirdlərə və onların müəllimlərinə noutbuklar, kompyuterlər və digər qiymətli hədiyyələr təqdim edilmişdir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev və başqaları iştirakçıları təbrik etmişlər.
Ə.Abbasov demişdir ki, bu cür tədbirlərin keçirilməsi müasir informasiya-kommunikasiya texnologiyalarına marağın artmasına, informasiya kommunikasiya texnologiyalarından istifadə vərdişlərinin təkmilləşdirilməsinə, məktəblilərdə qabiliyyətlərin və yaradıcı təfəkkürün inkişafına kömək edir.