Sumqayıtda qazilərə özünü məşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib
Sumqayıt, 26 may, Ətrabə Rzayeva, AZƏRTAC
Mayın 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sumqayıtda yaşayan Vətən müharibəsi qazilərinə özünü məşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib.
AZƏRTAC xəbər verir ki, ilk sevinci şəhərin 13-cü mikrorayonunda yaşayan Camal Alxasov yaşadı. Vətən müharibəsində hər iki ayağını itirən qazimiz böyük həvəslə gələcək planlarından danışıb. O, aktivlərdən istifadə edərək avtotexniki xidmət üzrə kiçik biznesini quracağını bildirib.
Təqdim olunan avadanlıq üçün dövlətimizə təşəkkür edən Camal avtoyuma zərfi üzrə yuma aparatı, texniki tozsoran və hava kompressorunu qəbul edib.
İkinci ünvan “BTZ bağları” yaşayış massivində yerləşən 8-ci məhəllə oldu. Burada müharibənin bitməsinə saatlar qalmış ağır yaralanan qazimiz Pərvin Rzayev qözləyirdi. Prezident İlham Əliyevin çağırışına qoşulan Pərvin müharibənin ilk günlərindən cəbhəyə yollanıb, xüsusi təyinatlı dəstənin tərkibində vuruşub. Laçın uğrunda gedən döyüşlərdə yaralanıb. Müharibədən əvvəl restoran biznesi ilə məşğul olan qazimiz dövlətin göstərdiyi yardımdan bəhrələnərək dönərxana açacaq. Bunun üçün ona dönərxana avadanlıqları zərfi üzrə aktivlər təqdim olunub.
Dövlət Məşğulluq Agentliyinin Beynəlxalq Əlaqələr və layihələrlə iş departamentinin müdiri Hacı Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiya arasında ötən ay əməkdaşlıq memorandumu imzalanıb. Bu memorandum çərçivəsində sosial cəhətdən həssas olan qruplardan olan vətəndaşların özünəməşğulluğunun təşkili ilə bağlı layihə həyata keçirilir. Qazilərə təqdim olunan avadanlıqlar da layihə çərçivəsində verilib. Bu istiqamətdə Vətən müharibəsinin iştirakçıları, şəhid ailəsinin üzvləri və qazilərə və bu kateqoriyadan olan şəxslərə, ümumilikdə 30-dan artıq vətəndaşa müvafiq özünəməşğulluq aktivlərinin təmin edilməsi nəzərdə tutulub. Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planından irəli gələn aktiv məşğulluq tədbirləri həyata keçirilir. Ümumilikdə 6 mindən artıq şəhid ailəsi üzvləri, qazilərimiz və Vətən müharibəsinin üzvləri bu aktiv məşğulluq tədbirlərində iştirak ediblər. Bunlardan 5 minə qədəri özünəməşğulluq proqramına cəlb olunub. Onlar üçün müxtəlif istiqamətlərdə ailə biznesləri və kiçik bizneslər yaradılıb. Minə qədər olan vətəndaşlar isə müxtəlif istiqamətlərdə işlə təmin olunma və haqqı ödənilən işlərə cəlb olunubdu. Aktiv məşğulluq tədbirləri davam etdirilir.