Sumqayıtda şəhidlər Elçin Hüseynov və Elnur Allahverdizadənin xatirə lövhəsi açılıb
Sumqayıt, 13 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhərində Vətən müharibəsi şəhidləri Elçin Zamin oğlu Hüseynov və Elnur Əli oğlu Allahverdizadənin xatirə lövhəsi açılıb.
AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində keçirilən tədbirdə çıxış edən şəhid valideynləri bütün şəhidlərə rəhmət diləyib, Azərbaycan ordusunu, qalib əsgərlərimizi qələbə münasibətilə təbrik ediblər.
Şəhid Elnur Allahverdizadənin döyüş yoldaşları onun şücaəti və keçdikləri döyüş yolundan danışıblar. Natiqlər Elnurun əsl qəhrəman olduğunu, topun arxasında olarkən hər zaman yoldaşlarına ürək-dirək verdiyini bildiriblər. Döyüş yoldaşları Elnurun 7 noyabr tarixində Xocavənd - Ağdam uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldığını qeyd ediblər.
Tədbirdə çıxış edən Şəhid Elçin Hüseynovun qardaşı Natiq Hüseynov onun vətənpərvər insan olduğunu və hər zaman Şuşa həsrəti ilə yaşadığını söyləyib. Döyüş yoldaşlarının Elçinin məzarı üstünə bir ovuc torpaq səpdiklərini deyən N.Hüseynov qardaşının Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olduğunu sözlərinə əlavə edib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!