Sumqayıtda şərti zəlzələnin nəticələri aradan qaldırılıb
Sumqayıt, 26 oktyabr, AZƏRTAC
SOCAR “Azərikimya” İB-nin “Etilen-Polietilen” zavodunun fəaliyyəti dayandırılmış sahəsində “zəlzələ” nəticələri uğurla və operativ aradan qaldırılıb. Şərti hadisə "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda maarifləndirici tədbir və kompleks təlim çərçivəsində həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, FHN-in Sumqayıt Regional Mərkəzinin şəxsi heyətinin, Sumqayıt Şəhər İcra Hakimiyyəti nümayəndələrinin və digər məsul şəxslərinin iştirak etdiyi təlimə “Azərikimya” İB-nin “Etilen-Polietilen” zavodunun hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri, mühəndis-kəşfiyyat manqası, xilasetmə dəstəsi, kimya-radiasiya müşahidə postu, müşahidə və laboratoriya şəbəkəsi, sanitar postu, yanğınsöndürmə, elektrik xətlərinin təmiri və rabitə manqaları, qazdan xilasetmə dəstəsi, o cümlədən Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, Gigiyena-Epidemiologiya Mərkəzinin, Memarlıq və Şəhərsalma İdarəsinin, Tibb Mərkəzinin, Qızıl Aypara Cəmiyyətinin, Telekommunikasiya Qovşağının, İctimai asayişin mühafizəsi qrupunun, 24 saylı yanğından mühafizə hissəsinin, Elektrik Şəbəkəsinin, Qaz Xidməti Sahəsinin, Sukanal İdarəsinin, Sumqayıt YGEŞ-in, Dezinfeksiya şöbəsinin, Baytarlıq İdarəsinin, 1 №-li Magistral Yollar MMC-nin mülki müdafiə qüvvələri, bütün xidmət və obyektlərin əmlak, avadanlıq, maşın və mexanizmləri cəlb olunub.
Şərti zəlzələnin və baş verən yanğının yayılmasının qarşısının alınması və işçilərin maksimum mühafizə olunması məqsədi daşıyan təlimdə həyəcan siqnalının verilməsi ilə mülki müdafiə və yanğınsöndürmə dəstələri, həmçinin xüsusi xilasetmə qrupları özlərini hadisə yerinə çatdırıb. Mühəndis-kimya kəşfiyyat qrupu tərəfindən dağıntı və yanğın baş vermiş ərazidəki vəziyyət barədə məlumat toplanıldıqdan, həmçinin radiasiya-kəşfiyyat qrupu tərəfindən ərazinin nə dərəcədə zəhərli və radiasiya təhlükəli olması ilə bağlı Mülki Müdafiə Qərargahına məlumat verildikdən sonra xilasetmə manqaları tərəfindən xəsarət alanların xilas edilməsi, təhlükəsiz əraziyə çıxarılması, ilkin tibbi yardım göstərmək üçün sanitar posta təhvil verilməsi və ağır vəziyyətdə olanların təcili yardım maşınlarında şəhərin müalicə müəssisələrinə göndərilməsi əməliyyatları yerinə yetirilib. Qəza-bərpa manqaları tərəfindən elektrik, qaz və su xətlərinin bərpası işləri operativ şəkildə həyata keçirilib.
Tədbir zamanı ərzində bütün qurumların mülki müdafiə qüvvələri əlbir şəkildə hərəkət edib, pərakəndəliyə, çaşqınlığa yol verməyib. Müvafiq təhlükəsizlik təlimatlarına uyğun olaraq keçirilən və iştirakçıların kifayət qədər yüksək peşəkarlıq nümayiş etdirməsi ilə müşayiət olunan təlim qüsursuz başa çatıb, qarşıya qoyulmuş “Etilen-Polietilen” zavodunun mülki müdafiə planının reallığının yoxlanılması, fövqəladə hadisələr zamanı xilasetmə və digər təxirəsalınmaz işləri yerinə yetirərkən rəhbər heyətdə qərar qəbul etmək bacarığının təkmilləşdirilməsi və qarşıya qoyulan digər məqsədlərə nail olunub.