SURAXANI NEFTÇİLƏRİ ƏLAMƏTDAR YUBİLEYİ QEYD ETMİŞLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu münasibətlə avqustun 24-də Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına Mədəniyyət sarayında “Suraxanıneft” Neft və Qazçıxarma İdarəsi kollektivinin, ölkə neftçiləri və Suraxanı rayonu ictimaiyyəti nümayəndələrinin, Milli Məclisin deputatlarının, ziyalıların iştirakı ilə təntənəli yubiley yığıncağı keçirilmişdir.
Yığıncaq iştirakçıları müstəqil Azərbaycanı dünya miqyasında şöhrətləndirən, “Əsrin müqaviləsi” ilə başlayan yeni neft strategiyasını işləyib hazırlayan ümummilli liderimiz Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin əlamətdar yubiley münasibətilə “Suraxanıneft” Neft və Qazçıxarma İdarəsi kollektivinə ünvanladığı təbrik məktubunu oxumuşdur (Məktub qəzetin bugünkü nömrəsində dərc olunur).
İdarənin rəisi Mirqiyas Əsgərov kollektivin şanlı keçmişi, bugünkü fəaliyyəti, planları barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Suraxanı neftçiləri tarixi ənənələri uğurla yaşadır, neft strategiyasının həyata keçirilməsi işinə fəal kömək edir, ölkənin iqtisadi inkişafı naminə səylərini əsirgəmir, proqnoz tapşırıqlarını yerinə yetirmək, kollektivin sosial ehtiyaclarını daha dolğun ödəmək üçün yeni yollar və imkanlar axtarırlar.
Yığıncaqda Yanacaq və Energetika Nazirliyinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, “Azərneft” İstehsalat Birliyinin, neftçi kollektivlərinin, ictimaiyyət nümayəndələrinin də təbrikləri səslənmişdir.
Sonra Suraxanı neftçilərinin bir qrupuna Dövlət Neft Şirkətinin fəxri fərmanları və pul mükafatları verilmişdir.