Şuşa Qlobal Media Forumunda səsləndirilən mesajlar dünya ictimaiyyətinin diqqətindədir ŞƏRH
Bakı, 16 iyul, AZƏRTAC
IV Şuşa Qlobal Media Forumu bir daha təsdiqləyib ki, Azərbaycan qlobal informasiya gündəliyinin formalaşdırıldığı nüfuzlu beynəlxalq platformalardan birinə çevrilib. Dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsini, eksperti, dövlət rəsmisini və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirən və iki gün davam edən Forum çərçivəsində panel sessiyaları, interaktiv müzakirələr və təkbətək görüşlər təşkil olunub.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat Forumun ilk günü Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələri ilə görüşünü və onların çoxsaylı suallarını cavablandırdığını xatırladaraq vurğulayıb ki, dövlətimizin başçısı Azərbaycanın xarici siyasət prioritetləri, regional təhlükəsizlik, qlobal geosiyasi proseslər, enerji və nəqliyyat siyasəti barədə geniş fikirlər səsləndirib.
“Prezident İlham Əliyev Azərbaycanın artıq yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının mühüm siyasi və iqtisadi aktorlarından biri olduğunu qeyd edib. Azərbaycanın regional və qlobal proseslərə təsir imkanlarının artdığı xüsusi vurğulanıb. Çıxışda ölkəmizin geostrateji üstünlükləri də ön plana çəkilib. Son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, müasir logistika imkanlarının yaradılması Azərbaycanın Avrasiyanın əsas tranzit mərkəzlərindən birinə çevrilməsini təmin edib. Artan yükdaşımalar və yeni marşrutlar ölkənin geoiqtisadi əhəmiyyətini daha da gücləndirib. Həmçinin enerji təhlükəsizliyi məsələsi də dövlətimizin başçısının çıxışında mühüm yer tutub. Qeyd edilib ki, Azərbaycan hazırda 16 ölkəyə təbii qaz ixrac edir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşdır. Xüsusilə son illər Avropada enerji mənbələrinin şaxələndirilməsinə artan tələbat fonunda Azərbaycanın rolu daha da yüksəlib.
Prezident İlham Əliyev Avropa təsisatları ilə münasibətlərə də toxunaraq bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıqda maraqlıdır. Bununla yanaşı, bəzi Avropa institutlarının ölkəyə münasibətdə nümayiş etdirdiyi siyasi qərəzin ikitərəfli əlaqələrə mənfi təsir göstərdiyi də qeyd olunub. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı yalnız qarşılıqlı hörmət və bərabərhüquqlu münasibətlər prinsipi əsasında inkişaf edə bilər”, - deyə deputat qeyd edib.
Könül Nurullayeva Forumun siyasi əhəmiyyəti ilə yanaşı, onun keçirildiyi məkanın da xüsusi məna daşıdığını bildirib: “Şuşanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Qarabağda aparılan bərpa və yenidənqurma prosesinin uğurunu nümayiş etdirir. Forumda səsləndirilən mesajlar isə Azərbaycanın müstəqil xarici siyasət kursunu, artan beynəlxalq nüfuzunu və regional liderlik mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb”.