SİYASƏT
Tacikistanda 28 May-Müstəqillik Günü münasibətilə mərasim təşkil edilib
Düşənbə, 25 may, AZƏRTAC
Azərbaycanın dövlət bayramı 28 May -Müstəqillik Günü və ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Azərbaycanın Tacikistandakı Səfirliyi Düşənbənin “Hyatt Regency” otelində rəsmi ziyafət təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Tacikistanın yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, deputatlar, Azərbaycan-Tacikistan Parlamentlərarası Dostluq qrupunun üzvləri, ictimai-siyasi dairələrin nümayəndələri, aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri, şirkət rəhbərləri, diplomatik korpusun üzvləri və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.
Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yoldan söz açıb, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövlətçiliyinin inkişafı yolunda inamla addımladığını, ölkədə keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın dünyada sürətlə inkişaf edən ölkələrin sırasına düşdüyünü, ölkəmizin zəngin karbohidrogen ehtiyatlarına malik bir ölkə olaraq, qlobal enerji siyasətinin formalaşmasında mühüm rol oynadığı bildirib.
Səfir Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə əlaqədar tədbir iştirakçılarını təbrik edib, otuz ilə yaxın bir dövrdə düşmən işğalı altında qalan torpaqlarımızın azad olunduğunu, böyük Qələbəni xalqımıza Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun bəxş etdiyini vurğulayıb.
Ə.Əskərov son 30 ildə Azərbaycan ilə Tacikistan arasında münasibətlərin inkişaf dinamikasından bəhs edib, əlaqələrin davamlı şəkildə yüksələn xətt üzrə irəlilədiyini bildirib. Səfir Azərbaycan-Tacikistan münasibətlərinin əsasında iki dövlət başçısı arasında mövcud olan səmimi münasibətlərlə yanaşı, xalqlarımızın tarixən mövcud olan təmasların dayandığını qeyd edib. 30 il bundan əvvəl əsası qoyulan münasibətlərin bu gün öz bəhrəsini verdiyini deyən səfir əlamətdar gün münasibətilə tədbir
iştirakçılarına təbriklərini çatdırıb.
Tədbir çərçivəsində, həmçinin diaspor fəalı, Tacikistanın tanınmış teatr tənqidçisi, ictimai xadim, tərcüməçi və şairə, soydaşımız Almas Hacıyevaya Azərbaycan mədəniyyətinin, incəsənətinin Tacikistanda təbliği, diaspor fəaliyyətindəki xidmətlərinə görə və 75 illik yubileyi münasibətilə səfir Əlimirzamin Əskərov tərəfindən Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim olunub.
Tədbirdə qonaqlara ölkəmizin milli mədəniyyətindən, turizm imkanlarından bəhs edən kitab və bukletlər verilib, videomateriallar nümayiş etdirilib, iştirakçılara milli mətbəx nümunələri təklif olunub.