TANINMIŞ UKRAYNA ŞAİRİ, AZƏRBAYCAN POEZİYASININ TƏRCÜMƏÇİSİ MIKOLA MİROŞNİÇENKO VƏFAT ETMİŞDİR
Kiyev, 10 iyul (AZƏRTAC). İyulun 10-da Ukrayna Milli Yazıçılar İttifaqının binasında Ukraynanın tanınmış şairi, Ukrayna Yazıçılar İttifaqının üzvü, Azərbaycan poeziyasının tərcüməçisi Mıkola Miroşniçenko ilə vida mərasimi olmuşdur.
M.Miroşniçenkonu müasir Azərbaycan yazıçıları ilə sıx yaradıcı dostluq əlaqələri bağlayırdı. Onun Ukrayna dilinə tərcümə etdiyi iki cildlik “Azərbaycan pozesiyası antologiyası”nda XII əsrdən dövrümüzə qədər Azərbaycan şairlərinin ən yaxşı əsərləri toplanmışdır. Ukraynalı oxucular məhz M.Miroşniçenkonun tərcümələri sayəsində müasir Azərbaycan şairlərinin lirikası ilə tanış olmaq imkanı əldə etmişlər.
Tanınmış söz ustası, Azərbaycan xalqının böyük dostu M.Miroşniçenkonu son mənzilə yola salmağa gələnlər arasında onun yazıçı həmkarları ilə yanaşı, Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun üzvləri də vardı.
Kiyevdəki Azərbaycan səfirliyinin müşaviri Yeganə Qafqazlı səfir Tələt Əliyevin adından M.Miroşniçenkonun qohumlarına, yaxınlarına və dostlarına dərin hüznlə başsağlığı vermiş, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın başsağlığı teleqramının mətnini çatdırmışdır. Teleqramda vurğulanır ki, M.Miroşniçenko uzun illər Azərbaycan ədəbiyyatından nümunələri Ukrayna dilinə tərcümə etmiş, Azərbaycan yazıçılarının dostu olmuşdur. Y.Qafqazlı bildirmişdir ki, biz Mıkola Mıkolayeviç Miroşniçenkonu həmişə Azərbaycanı, onun xalqını və poeziyasını ürəkdən sevən bir insan kimi xatırlayacağıq.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev