Tarını silaha dəyişən şəhid Elvin İsizadənin xatirəsi anılıb
Ağdam, 26 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunun Qaradağlı kəndindən olan şəhid İsizadə Elvin Azim oğlu musiqiçi idi. Asəf Zeynallı adına musiqi kollecində təhsil alan Elvin sevimli tarını silaha dəyişərək Vətən müharibəsində iştirak edib. Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı istiqamətində gedən döyüşlərdə sərrast atıcı kimi düşmənə sarsıdıcı zərbələr endirib. Arzusu cəbhədən qayıtdıqdan sonra konservatoriyada oxumaq, tar ifaçılığı üzrə tanınmış şəxs olmaq idi. Bütün arzularını, həmçinin canını Vətənə qurban verən gənc musiqiçi oktyabrın 26-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında Elvin İsizadənin anım mərasimi keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, Qarabağ müharibəsi veteranları, məktəblilər şəhidlərin məzarları önünə qərənfillər düzərək, onların əziz xatirəsinə ehtiramlarını bildiriblər. Canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxunub, əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər tarixə 44 günlük savaş kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhid Elvin İsizadənin qısa, lakin şərəfli ömür yolundan danışıblar.
Şagirdlər Vətənə, şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.