Tarix Muzeyində Vətən Müharibəsi Qəhrəmanı şəhid Elyar Vəliyevə məxsus materiallar qorunur
Bakı, 21 oktyabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda Vətən Müharibəsi Qəhrəmanı şəhid Elyar Vəliyevə məxsus şəxsi əşyalar (hərbi gödəkcə, şalvar, 6 ədəd medalının surəti, sertifikat (3 ədəd), fəxri fərman, idmanda uğurlarına görə diplom və s.) qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Elyar Vəliyev 1991-ci ildə Qobustan rayonunda anadan olub. O, Qobustan şəhər 2 nömrəli tam orta məktəbdə təhsil alıb, sonra hərbi xidmətə başlayıb və 2010-cu ildə Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə daxil olub.
E.Vəliyev Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə xüsusi fədakarlıq və qəhrəmanlıq nümunəsi göstərib, oktyabrın 19-da şəhidlik zirvəsinə ucalıb.
O, Vətən Müharibəsi Qəhrəmanı adına, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.