TARİXİMİZİN FACİƏ VƏ QƏHRƏMANLIQ SƏHİFƏSİNİN 20-Cİ İLDÖNÜMÜ NAXÇIVANDA GENİŞ QEYD OLUNMUŞDUR
Naxçıvan, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də Naxçıvan şəhərinin Şəhidlər xiyabanı ümumxalq ziyarətgahına çevrilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 20 Yanvar faciəsi zamanı həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəlmiş, müqəddəs ziyarətgahda ucaldılan Ana abidəsinin önünə gül qoymuş, ehtiramını bildirmişdir.
Ali Məclisin sədri 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvan əhalisinə köməyə gələn qardaş türk ordusunun bu torpaqlarda şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidə önünə də tər güllər qoymuş, şəhidlərin xatirəsini ehtiramla yad etmişdir.
Naxçıvan Qarnizonunun birləşmiş hərbi orkestri Azərbaycanın dövlət himnini səsləndirmişdir.
Ali Məclisin sədri Vasif Talıbov Vətənimizin azadlığı, ərazi bütövlüyü, dövlətçiliyimizin qorunması uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalanların məzarları üstünə də tər güllər düzmüşdür.
Naxçıvan MR Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirlik, komitə, mərkəzi təşkilatların, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, elm və təhsil səhiyyə müəssisələrinin kollektivləri, Naxçıvan Şəhər İcra Hakimiyyəti və onun yerli təşkilatlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri şəhid məzarları önündən keçərək onların əziz xatirəsini ehtiramla yad etmişlər.
Türkiyənin Naxçıvandakı baş konsulu və konsulluğun işçiləri, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı missiyasının və Naxçıvan ofisinin rəhbərləri də şəhidlərin xatirəsinə öz ehtiramlarını bildirmişlər.
Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan şəhərində də şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
######
