TARİXİMİZİN ŞANLI VƏ QANLI SƏHİFƏSİ
Bakı, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Mərasim iştirakçıları Şəhidlər xiyabanını ziyarət etmiş, Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzmüş, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.
Sonra tədbir Dövlət Miqrasiya Xidmətinin inzibati binasında davam etdirilmişdir. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Xidmətin rəisi Arzu Rəhimov xalqımızın faciəvi, eyni zamanda, tariximizin şərəfli səhifəsinə çevrilmiş 20 Yanvar hadisəsinin dəhşətlərindən bəhs etmiş, həmin gecə Azərbaycan xalqının öz müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan övladlarının Azərbaycana təcavüz edən imperiyanın hərb maşınının - ağır hərbi texnikanın, təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxmasından, öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə imza atmasından danışmışdır.
Ümummilli liderimizin təşəbbüsü ilə bu qanlı faciəyə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini vurğulayan xidmət rəisi bildirmişdir ki, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qanlı terror aktının təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə ittiham etmiş, cəsarətli və ifşaedici bəyanatla çıxış etmişdir. Bu bəyanatla Heydər Əliyev ilk olaraq 20 Yanvar faciəsinin əsl siyasi-hüquqi qiymətini vermişdir.
Arzu Rəhimov ulu öndər Heydər Əliyevin 20 Yanvar faciəsinin bütün dünyaya bəyan edilməsinə, hər zaman şəhidlərin xatirəsinin əziz tutulmasına diqqətlə yanaşdığını, onun siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyev tərəfindən də ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların əziz xatirəsinin daim böyük hörmətlə yad edildiyini, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi və dövlət qayğısının artırılması məqsədi ilə mühüm qərarlar qəbul edildiyini nəzərə çatdırmışdır.
Tədbirdə, həmçinin Azərbaycanın müstəqilliyi uğrunda canını qurban vermiş şəhidlərin, onların göstərdiyi qəhrəmanlıqların heç vaxt unudulmayacağı, xatirələrinin daim uca tutulacağı bildirilmişdir.
Sonda 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
######
