MƏDƏNİYYƏT
Tatarıstan paytaxtının sakinləri Bakıda istirahət etməyə üstünlük verirlər
Moskva, 26 oktyabr, AZƏRTAC
“Biznes online” qəzeti bildirib ki, Tatarıstan paytaxtının sakinləri noyabr bayramı - Rusiyada Xalq Həmrəyliyi Günü münasibətilə istirahət günlərində Bakıda dincəlməyə üstünlük verirlər.
AZƏRTAC xəbər verir ki, “Biznes online” qəzeti Kazan sakinlərinin qışa qədər harada istirahət etməyə hazırlaşdıqlarını öyrənmək üçün metaaxtarış sistemlərinə və turizm bazarı oyunçularına sorğu ilə müraciət edib. Runetdə ucuz aviabiletlər axtarışı üzrə ən iri axtarış sisteminin məlumatına görə, noyabr bayramı günlərində Tatarıstan paytaxtı sakinlərinin Rusiyada üstünlük verdiyi istiqamətlər Moskva, Peterburq, Krosnadar, Simferopol və Soçi şəhərləridir. Xarici şəhərlər arasında isə kazanlılar Bakı, Təl-Əviv, Amsterdam, Antalya, Barselona və Romaya üstünlük verirlər.
Qəzet yazır ki, “Buta Airways” adlı yeni loukoster fəaliyyətə başlayandan sonra Bakıya bileti 3-4 min rubla almaq mümkün idi. İndi isə bayram günləri üçün biletlərin qiyməti 13 min rubldan başlanır. Xatırladaq ki, "Buta Airways” loukoster Kazandan Bakıya reysləri sentyabrın 1-dən etibarən həftədə 4 dəfə yerinə yetirir. Bu aviareyslər 106 yerlik “Embraer 190” və 122 yerlik “Airbus A319” laynerləri ilə həyata keçirilir.
Şirkətdə onu da bildiriblər ki, Kazan sakinləri Yeni ili Moskva, Peterburq, Bakı, Praqa, Banqkok, Tbilisi və Dubay şəhərlərində keçirmək üçün artıq indidən fəal axtarış aparmağa və bilet almağa başlayıblar.
Kazan turizm şirkətlərinin nümayəndələri Azərbaycana turizm səfərlərinin artmasını qeyd edirlər. Qəzet yazır: “Azərbaycan və Gürcüstan daha çox tələbat olan istiqamətlərdir. Bu ölkələrə səfərlərin sayı qat-qat çoxalıb. Azərbaycan ilk dəfədir ki, top-10 istiqamətlər sırasına düşüb”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
MOSKVA