TBİLİSİ BEYNƏLXALQ HAVA LİMANININ AÇILIŞI
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, fevralın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin, Gürcüstan Prezidenti Mixail Saakaşvilinin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Tbilisi beynəlxalq hava limanının təntənəli açılış mərasimi olmuşdur. Mərasimi Türkiyənin “TAV” şirkətinin sədri açdı. Türkiyənin Baş naziri, Azərbaycan Prezidenti və Gürcüstan Prezidenti çıxış etdilər. Bildirildi ki, Türkiyənin “Tənə Akfen (TAV) şirkəti tərəfindən tikilmiş Tbilisi beynəxalq hava limanı ildə 2,8 milyon sərnişin daşıması üçün nəzərdə tutulmuşdur. Hava limanı TAV şirkətinə 20 illiyə icarəyə veriləcəkdir. 25 min kvadratmetr ərazisi olan hava limanının tikintisinə 28,5 milyon dollar vəsait xərclənmişdir.
Beynəlxalq hava limanının açılışını bildirən lenti kəsən prezidentlər və Baş nazir müasir dizayn üslubunda tikilmiş, hər bir şərait yaradılmış, Avropa standartlarına uyğun aerovağzal binası ilə tanış oldular.
Burada incəsənət ustalarının iştirakı ilə konsert verildi.