TBİLİSİ HAVA LİMANINDA QARŞILANMA MƏRASİMİ
Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Gürcüstan Prezidenti Mixail Saakaşvili və xanımı Sandra Elizabet Rulofs təyyarənin pilləkəni yanında səmimiyyətlə qarşıladılar.
Milli geyimli uşaqlar Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim etdilər.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Gürcüstanın rəsmi şəxsləri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Gürcüstan Prezidenti Mixail Saakaşviliyə təqdim olundular.
Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Azərbaycan Prezidenti İlham Əliyev fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə hava limanından Tbilisidə onun üçün ayrılmış iqamətgaha yola düşdü.